26 Aprel 2017 13:35
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansısa qətnamə qəbul etmək hər bir ölkənin öz işidir. Çexiyalı deputatların qərarına Türkiyə-Çexiya parlamentlərarası dostluq qrupunun üzvləri nə isə reaksiya verə bilərlər. Mən isə ancaq Azərbaycana qarşı addımlara reaksiya verə bilərəm. Mən Azərbaycan parlamentarisi kimi çexlərə heç nə deyə bilmərəm. Allah eləməsin, Azərbaycana qarşı nə isə qərar versəydilər, onda danışardım.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Çexiya parlamentinin “erməni soyqırımı”nı tanımasına münasibət bildirərkən deyib.

O, qətnamə layihəsini parlamentə təqdim edən Sosial-demokratlar Partiyasından olan deputat Robin Benişi tanımadığını söyləyib: “Heç vaxt hansısa toplantıda bir yerdə olmamışıq. Məni maraqlandıran Xocalı soyqırımının dünya ölkələri parlamentində tanınmasıdır. Bu məsələ üzərində işləyirəm, təbliğat materialları yayıram, çıxışlarımda da bu haqda hər yerdə danışıram. Daha nə edə bilərəm?! Məşədi İbad demişkən, yıxasan yerə ağzına vurasan? Hansısa dövlətləri yıxıb ağzına şap-şap vura bilmərəm. Mən ağzımı açıb öz dövlətimin və xalqımın maraqlarını müdafiə edə bilərəm”.

Onun fikrincə, uydurma erməni soyqırımının tanınmasına qarşı türkiyəli deputatlar işləməlidirlər:

“Bir şeyi başa düşün ki, biz türkdilliyik, bizim dövlətimizin adı Azərbaycandır. Bizi öz dövlətimiz maraqlandırmalıdır. Hara gedirəmsə, Qarabağ və Xocalı məsələsini qaldırıram. Ermənilər türklərə hücum edəndə onlara cavab verməyə çalışıram. Amma bir dəfə də olsun Türkiyə nümayəndələrinin canfəşanlıq etdiyini görməmişəm. İstəmirəm ki, biz Roma Papasından çox katolik olaq. Mən Azərbaycanın dərdindən, Xocalıdan danışıram, durub türkləri müdafiə edə bilmərəm. Türkiyənin bizdən də böyük və varlı nümayəndə heyəti var. Bu məsələ onların işidir”.

Araz Əlizadə hesab edir ki, sol yönlü partiyalarla görüşdə də uydurma soyqırım haqda məhz türkiyəli siyasətçilər danışmalıdır:

“Bütün görüşlərim sosial-demokratlar və sosialistlərlə olur, ayrı toplantılarda iştirak etmirəm, məni heç dəvət edən də yoxdur. Türkiyənin də sosial demokratlar partiyası - Cümhuriyyət Xalq Partiyası var, onlar bu işi aparmalıdır, mən yox! Məni Azərbaycan maraqlandırır. İspan gedib Latın Amerikasında ispandilli dövlətlərin hüquqlarını qorumur, onu İspaniya maraqlandırır”.

Qeyd edək ki, Çexiya parlamentinin deputatlar palatası uydurma erməni soyqırımını pisləyən qətnamə qəbul edib. Sənəddə “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır. Qətnamə layihəsi Sosial-demokratlar Partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub. O bildirib ki, uydurma soyqırımın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.

Nərgiz


Müəllif: