26 Aprel 2017 17:39
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Le Pen seçki kampaniyası zamanı televiziya və mətbuatda açıq şəkildə bəyan edirdi ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir

Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə siyasi gündəmin aktual mövzuları ilə bağlı müsahibəni təqdim edir.

- Qabil bəy, Fransada prezident seçkilərinin I turu başa çatıb. Ermənipərəst və dünya siyasətinin nəhənglərindən biri olan Fransadakı seçkilərin nəticələrinin Azərbaycana hansı təsirləri ola bilər?

- Doğurdan da Fransa daim ermənilərin yanında olan dövlətdir. Fransada kimin prezident seçilməsindən asılı olmayaraq, ermənilərin işğalçı siyasəti müdafiə olunur. Seçkilərin II mərhələsinə qatı millətçi Le Penin çıxması faktı Fransa üçün üz qarasıdır. Bu, onu göstərir ki, Fransada şovinizmə yaxın olan radikal sağ təmayüllər çox geniş sosial bazaya yiyələnib və bu bazadan ciddi şəkildə istifadə etməyə çalışırlar. Ancaq liberal təmayüllü düşərgənin nümayəndəsi Emmanuel Makronun II tura çıxması və Le Pendən daha çox səs toplaması müəyyən qədər optimist ab-hava yaradır. Xüsusilə, birinci turu keçə bilməyən namizədlərin Makrona dəstək verəcəyi, üstəlik Fransanın indiki iqtidarının da buna isti yanaşması, zənnimcə, sağ təmayüllü düşərgənin lideri xanın Le Penin qələbə imkanlarını azaldır. Amma iş ondadır ki, Makron özü də qondarma erməni soyqırımı ilə bağlı tədbirə qatılıb və burada açıq şəkildə olmasa da, erməniləri dəstəkləyən fikirlərlə çıxış edib. Bütün bunlar onu göstərir ki, hətta liberal düşərgənin özü də erməni lobbisinin təsiri altındadır, hətta erməniləin iddialarını müdafiə edə bilərlər.

- Yəni bütün hallarda Azərbaycanla bağlı Fransanın mövqeyi dəyişilməz olaraq qalacaq?

- Müəyyən qədər fərqlər olacaq. Le Pen seçilsə, daha pis olar. Məsələn, xanım Le Pen seçki kampaniyası zamanı televiziya və mətbuatda açıq şəkildə bəyan edirdi ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. Emmanuel Makron isə “Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməlidir” bəyanatını verib və bundan uzağa getməyib. Başqa sözlə, Makron həm də gənc və liberal baxışlara sahib siyasətçidir. Hər halda Makron seçilərsə, nə qədər ermənipərəst mövqe tutsa da, açıq-aşkar erməniləri ilhamlandıran məsələləri müdafiə etməyə girişməz. Eyni zamanda Azərbaycan kimi Fransaya yaxın olan dövləti incitməyə qalxmaz. Yəni erməni məsələsini kor-koranə və kobud şəkildə dəstəkləməz. Mənim qənaətimcə, Azərbaycanın Makron ilə işləməsi o qədər də çətin olmayacaq.

- Adətən sabiq prezident Jak Şirak və indiki Prezident Olland Qarabağ münaqişəsinin həllinə cəhdlər edib, tərəfləri görüşdürüb, lakin bunun nəticəsi olmayıb. Sizcə, Makron prezident seçildikdən sonra Qarabağ münaqişəsinə dair yeni təşəbbüslərlə çıxış edə bilərmi?

- Makron bəyan edib ki, prezident seçilsəm, bütüm gücümlə Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olacağam. İndi baxaq görək, Makron vaxtının hansı hissəsini bu problemin həll edilməsinə ayırır. Üstəlik, problemin həlli üçün hansı konstruktiv təkliflər irəli sürür. Əsas məsələ odur ki, ortada BMT-nin 4 qətnaməsi, beynəlxalq hüququn müddəaları var. İndi yeni prezident bu müddəaları əsas götürəcək, yoxsa erməni lobbisinin təsiri altında Dağlıq Qarabağla bağlı radikal şüarlara tərəfdar çıxacaq? İndidən mənim bu mövzuda konkret fikir deməyim çətindir. Hər halda Makron da bilməmiş deyil ki, Azərbaycan onu təmin etməyən, ərazi bütövlüyünü təhdid edən razılaşmalara getməyəcək. Bunun üçün bir qədər zaman gözləmək lazımdır.

- Koreya yarımadasında indi mövcud olan hərbi gərginliyi necə şərh edərsiniz və hansı ssenarilərin gerçəkləşməsi gözlənilir?

- Koreya Xalq Respublikasında sosializm və buna oxşar şüarlar adı altında konstitusiyaya zidd, insanları ağır mərhumiyyətlər içərisində yaşadan bir rejim var. Bu rejimin gücü hakimiyyətin resurslarından gəlir. Rejimə rəhbərlik edən şəxs həm gəncdir, həm də manyakal keyfiyyətlərə malikdir. Üstəlik də ölkənin milli gəlirinin böyük hissəsini hərbi xərclərə və nüvə proqramına xərcləyir. Bütün bunları nəzərə alaraq, demək mümkündür ki, Amerikanın, Yaponiyanın və Cənubi Koreyanın Şimali Koreyaya təzyiqləri başadüşüləndir. Mənim fikrimcə, bu təzyiqlərin bəhrəsi olacaq. Hesab edirəm ki, Şimali Koreyada rejim dəyişikliyi baş verəcək və bu da ikiyə bölünən Şimali Koreya ilə Cənubi Koreyanın birləşməsinə gətirib çıxara bilər. Çünki bu xalq eynidir, sadəcə II Dünya müharibəsindən sonra faktiki parçalanıb və fərqli dövlətlərin idarəçiliyi altında yaşamağa məhkum olublar. Yəni Amerika Şimali Koreya məsələsində kifayət qədər ciddi mövqe nümayiş etdirir.

- Hazırda ABŞ-ın nüvə başlığı daşıyan gəmiləri, yüzlərlə qırıcı daşıyan xüsusi texnikası Koreya yarımadasındadır, Filippində hərbi təlimlər təşkil edir və s. Sizcə, ciddi müharibə, Sakit Okeanda nüvə silahından istifadə edilməsi nə dərəcədə ciddi ehtimaldır?

- Şimali Koreya özünün hərbi qüdrəti haqqında uca səslə danışsa da, reallıqlar var. Açığı, mən Pxenyanın real nüvə silahına malik olmasına şübhə ilə yanaşıram. Şübhəsiz ki, Pxenyanın ballistik raketlərinin təcrübəsinin hamısı uğursuzluqla nəticələnib. Bəli, Şimali Koreya ordusu, xüsusilə quru qoşunlarının sayı bir milyondan çoxdur, hərbi texnikası da kifayət qədərdir. Ancaq bütün bunlara rəğmən, Şimali Koreyanın Amerika və Yaponiya kimi dövlətlərlə müqayisəsi doğru olmazdı. Əksinə, Şimali Koreyanın ordusu, strateji obyektləri ABŞ və Yaponiya tərəfindən çox asanlıqla vurulacaq hədəflərdir. Bu saat Şimali Koreyaya hücumun planları hazırlanır, kəşfiyyat məlumatları toplanılır. Mən hesab edirəm ki, Şimali Koreyada rejim başçısının öldürülməsindən sonra, - xüsusilə qeyd edim ki, bu missiyanı Cənubi Koreya üzərinə götürüb və bunun üçün xüsusi qrup hazırlanıb, - ölkənin ciddi müqavimət göstərmək imkanı qalmayacaq. Əksinə, əhali gül-çiçəklə işğalçıların pişvazına çıxacaq.

- Çin və Rusiya hansı səbəblərdən Şimali Koreya məsələsində susqunluq nümayiş etdirir və sanki bu proseslərdə iştirak etmirlər?

- Rusiya anti-Amerika mövqeyində olan bütün dövlətləri müdafiə edir. Kimliyindən asılı olmayaraq. Bu, yeni durum deyil. Bəli, Çinin də Şimali Koreya ilə yaxın əlaqələri var idi. Ancaq Çin Respublikasının sədrinin Vaşinqton səfəri zamanı Amerika tərəfi onu inandıra bildi ki, Pxenyan məsələsində ABŞ, Yaponiya və Cənubi Koreyaya köməklik etsə, daha yaxşı olar. Mən hesab edirəm ki, ən pis halda rəsmi Pekin Koreya yarımadasında baş verən proseslərdə neytral mövqe nümayiş etdirəcək. Və ola bilsin ki, bu proseslərdə Pekin Amerikaya müəyyən kəşfiyyat məlumatları ötürsün. Bunu mümkün hesab edirəm. Amma Rusiyanın mövqeyi bir qədər fərqlidir. Rusiya əl altından bu ölkəyə silah ötürür. Mən güman edirəm ki, Rusiyanın bu mövqeyi Amerika, Yaponiya və Cənubi Koreyanı daha da hiddətləndirir. Rusiya ümumiyyətlə, beynəlxalq gərginliyin zəiflədilməsinin deyil, onun daha da alovlanmasının tərəfdarı rolunda çıxış edir.

- Beynəlxalq gərginliyin bir nöqtəsi də İrandır. ABŞ prezidenti, dövlət katibi, İsrailin baş naziri anti-İran bəyanatları verir, hətta “5+1” formatında əldə olunan nüvə sazişinin qüvvədən salınacağını deyirlər. Yaxın gələcəkdə İranı nələr gözləyir?

- Bəli, “5+1” formatında aparılan danışıqlar nəticəsində İranın nüvə proqramına dair əldə edilən razılaşma qüvvədən salınacaq. Bu, Amerikanın təkidi ilə baş verəcək. Zənnimcə, bu məsələdə iranlıların da müəyyən qədər günahı var. İran tərəfi İraq və Suriyada xeyli fəallıq göstərib və bu proses indi də davam edir. Həm də İran Suriya və İraqda Amerikanın strateji maraqlarına zidd olan xeyli addımlar atıb. Amerika günün birində İranda da rejim dəyişikliyinə cəhd edə bilər. Lakin bunun konkret nə zaman baş verəcəyini söyləmək çətindir. Hazırda əsas diqqət Şimali Koreyaya istiqamətlənib.

- Yaxın Şərqdə, xüsusilə Suriyada sanki Amerika-Rusiya maraqları hərbi iştirakçılıq baxımından açıq fazaya keçir. Yaxın dövrdə Suriyada sülh və əmin-amanlıq gözlənilirmi?

- Hesab edirəm ki, Suriya ilə bağlı xüsusi plan hazırlanır. Yaxın dövrdə Suriyada kök salan İŞİD qüvvələrinə qarşı əməliyyatlara start veriləcək. Mümkündür ki, bu prosesdə Türkiyədə iştirak edəcək. Hazırda bildiyiniz kimi, Qərb koalisiyasının 40-dan çox üzvü var və onlar bu prosesdə olacaq. Amerikanın niyyəti İranı Suriya və İraqdan vurub çıxarmaqdır. Ola bilsin ki, ərazidəki Rusiya hərbi kontingentinin də Suriyadan çıxarılması məsələsi gündəmə gəlsin.

CAVAD


Müəllif: