26 Aprel 2017 18:17
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı, bu ölkənin yenindən monitorinq altına alınması Türkiyə cəmiyyətində olduğu kimi, Azərbaycan cəmiyyətində də etiraz doğurmamaqdadır. Əksəriyyət bunun AŞPA daxil olmaqla, əksər beynalxq qurumların və onların arxasında dayanan böyük güclərinin anti-Türkiyə kampaniyasının tərkib hissəsi olduğunu vurğulamaqdadır.

Millət vəkili Elman Nəsirov Teleqraf.com-a deyib ki, AŞPA-da Türkiyə ilə bağlı qərəzli qərar məqsədyönlü və planlı şəkildə qəbul edilib. Onun fikrincə, məqsəd Türkiyəyə qarşı belə təzyiqləri həyata keçirməklə əslində özlərinin islamofob mahiyyətlərini ortaya qoymaq, müsəlman ölkələri ilə münasibətdə selektiv yanaşma nümayiş etdirərək, bu ölkələrə dərs verməkdir. O, qeyd edib ki, Türkiyə Avropa Şurasını yaradan dövlətlərdən biridir. 1949-cu ilin mayında bu təşkilatın qurucularından biri məhz Türkiyə olub.

Millət vəkilinin dediyinə görə, bu qurumun əsas fəaliyyəti Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı missiyanı daşımaqdan ibarətdir. Həmin missiyanı müəyyən edən dövlətlərdən biri də Türkiyə olub. Amma indi Türkiyəyə demokratiya dərsi vermək gülüncdür: “Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərar onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində çox ciddi boşluqlar yaranıb. Əslində AŞPA-nın anti-Türkiyə qərarı təkcə Türkiyənin hədəfə alınması demək deyil. Bu, eyni zamanda, Avropa Şurasının öz imicinin, nüfuzunun hədəfə alınması deməkdir. Bu, qurum daxilində islamofob, ksenofob qüvvələrin sağlam düşüncə qüvvələrini üstələməsinin göstəricisidir. Yəni, bununla da AŞPA öz gələcəyini sual altına qoymuş oldu. Bu təşkilatın fəaliyyətində qanunların aliliyi əsas prinsiplərdən biridir, amma təəssüf ki, o, öz fəaliyyəti ilə qanunların aliliyinə nə qədər biganə qaldığını və bir çox hallarda onu pozduğunu nümayiş etdirdi. AŞPA-nın tərkibində belə monitorinq prosedurlarının əsası 1993-cü ildə qoyulub. 1997-ci ildə isə belə monitorinqlərin aparılması ilə bağlı komissiya yaradılıb və monitorinq komitəsi adı altında sonradan fəaliyyət göstərməyə başlayıb. Türkiyəyə münasibətdə də 2004-cü ilə qədər bu monitorinq prosesləri həyata keçirilib. 13 il bundan öncə, yəni, 2004-cü ildən başlayaraq, artıq Türkiyə postmonitorinq dövrünə keçib. İndiki halda yenidən Türkiyəyə qarşı bu ölkədə guya insan hüquqlarının pozulması, jurnalistlərin sıxışdırılması kimi cəfəng ittihamlar irəli sürmək bir məqsədə xidmət edir. Bu da ondan ibarətdir ki, həmin islamofob qüvvələr heç bir halda regionda Türkiyə kimi inkişaf etmiş, konkret hədəfləri olan müsəlman ölkəsini görmək istəmirlər. Bu, hər kəsə gün kimi aydındır”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, akademik Rafael Hüseynov da verilən qərardan narazıdır: “Terrorizm hamımızın əleyhinə olduğumuz, bütün dünyanı təşviş içərisində saxlayan bəladır. Gözümüzün qarşısında isə Türkiyədə aylardır ki, dalbadal qanlı terror hadisələri törədilir. Bircə dəfə də olsun, bu məsələləri Assambleyada geniş müzakirə mövzusuna çevirmişikmi? Türkiyəyə real dəstək ola bilməkdən ötrü səyləri birləşdirmək səmtində Avropa Şurası hansı təsirli tədbirlər görüb? Türkiyə onu hər an təhdid altında saxlayan terror aktlarına görə lap çoxdan müharibə vəziyyətində, zəlzələ içərisində yaşayan kimidir. Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir. Lakin müharibə dövrünün, Türkiyənin ən müxtəlif xarici və daxili düşmənlərin törətdiyi təhlükələrlə üz-üzə qaldığı indiki ekstremal şəraitin öz şərtləri var. Demokratiya vacibdir. Lakin dövlətin və cəmiyyətin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığı bir yerdə demokratik təsisatlar normal fəaliyyət göstərə bilərmi? Məhz dövlətin və millətin maraqları naminə hansısa fərqli prizmadan baxarkən, qəbul edilə biləcək kəskin addımlar atılırsa, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirmək qətiyyən düzgün deyil”.

Türkiyədə keçirilən ümumxalq səsverməsinə toxunan deputat referendumun ölkə əhalisinin seçimi olduğunu vurğulayaraq, bu istiqamətdə tənqidlərin böyük hissəsinin Türkiyəyə kənardan təzyiq mahiyyəti daşıdığını bəyan edib: “Bir tərəfdən ümumxalq səsverməsinin xalq iradəsinin ən dəqiq ifadəçisi olduğunu təsdiqləyirik. Digər tərəfdən, məhz referendum yolu ilə, xalqın iradəsinə arxalanaraq ölkənin hansı yolla irəliləməsi haqqında qərar çıxarmağı qət etmiş Türkiyənin başına ağıl qoymağa, ondan öz lazım bildiyi kimi deyil, kənardan təlqin edilən resept əsasında hərəkət etməsini istəyirik.Türkiyə tarixi, ənənələri, uzun əsrlik dövlətçilik təcrübəsi olan dövlətdir. Ona məsləhət də verək, yol da göstərək, köməyimizi də təklif edək. Ancaq Türkiyə yerli xüsusiyyətləri nəzərə alaraq tam bizim təklif etdiyimiz kimi hərəkət etməyəndə də onu şiddətli tənqidlərə məruz qoymayaq ki, səhv edirsən, yolunu azmısan, demokratiyadan aralanmısan”.

Digər millət vəkili Eldəniz Səlimov isə bildirib ki, heç kimin, heç bir qüvvənin və heç bir beynəlxalq qurumun haqqı yoxdur ki, Türkiyə ilə belə bir rəftar etsin: “Türkiyə oturuşmuş, demokratik dəyərləri mənimsəmiş, əxz və bunu praktikada əyani şəkildə sübut etmiş bir ölkədir. Ona görə,indi kimlərsə Türkiyəyə dərs keçmək, dərs vermək fikrinə düşməsin. Çünki Türkiyə tələbə deyil ki, kimsə və ya kimlərsə ona müəllimlik etsin. Əslində Türkiyə ona dərs verib, müəllimlik etmək sevdasında düşənlərə əla dərs verə və müəllimlik edə bilər. Buna onun daha çox haqqı var”.

Cavad


Müəllif: