26 Aprel 2017 18:43
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti düşünürdü ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər: “Bu, baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu, ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir”.

Politoloq qeyd edib ki, Ermənistan rəsmilərinin “biz növbəti görüşdə iştirak etməyəcəyik” açıqlamaları isə oyundan başqa bir şey deyil: “Guya narazıdırlar. Ancaq əslində Moskva görüşündə birbaşa özləri maraqlıdırlar. Çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əskinə naz eləməklə Azərbaycanda “əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli, bu, avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq” müzakirələrinin genişlənməsinə şərait yaradırlar.

Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir”.

Qeyd edək ki, aprelin 28-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazirlər Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında baş tutacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər naziri S.Lavrovun dəvəti əsasında E.Məmmədyarovun görüşdə iştirak edəcəyini açıqlayıb.

Səxavət HƏMİD


Müəllif: