27 Aprel 2017 17:21
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əldə etdiyimiz məlumata əsasən, bu il sentyabrın 13-15-də Ermənistan tərəfindən İrəvanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan tibb üzrə mütəxəssislər dəvət olunublar.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın bu tədbiri təşkil etməkdə məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil: “Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi İrəvanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir”.

Hikmət Hacızadə vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırıb.

Səxavət


Müəllif: