28 Aprel 2017 21:39
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı.

Teleqraf.com xəbər verir ki, bunu nazirlərin görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, görüşün yekunları ilə bağlı yayılan və heç bir məna ifadə etməyə 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir:

“Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar”. Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki?”

Politoloq bildirib ki, əksinə, bu, bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir: “Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə
başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu – bunu gələcək aylar göstərəcək”.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşün müəyyən mərhələsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Səxavət


Müəllif: