29 Aprel 2017 11:24
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də Parisdə Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizədliklərin müzakirəsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, ermənilər Polad Bülbüloğlunun namizədliyinin dəstəklənməsindən ciddi təşvişə düşüblər və səfirə qarşı kampaniyaya start veriblər.

Rəsmi Bakı isə YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd irəli sürülmüş Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar-müğənni Polad Bülbüloğlunun xüsusi təbliğinə ehtiyac duymur. Çünki onu yalnız vətənində deyil, bütün postsovet məkanında tanıyırlar və hörmət edirlər. O, mədəniyyətin inkişafına verdiyi töhfəyə, mədəni dəyərlərin qorunub-saxlanması, mədəniyyətlər arası dialoqun yaranmasında göstərdiyi rola görə bütün dünyada tanınır.

Rusiya Federasiyasının ictimai palatasının üzvü, politoloq Sergey Markov hesab edir ki, ermənilər Azərbaycanın istənilən namizədinin YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsinə qarşı çıxacaq və bunun üçün əlindən gələni etməyə çalışacaq. Lakin sözsüz ki, YUNESKO-nun baş direktorunun seçimi zamanı Ermənistanın mövqeyi və fikri həlledici qiymətə malik olmayacaq. Sergey Makrov bildirib ki, YUNESKO-nun baş direktoru vəzifəsinə Azərbaycanın namizədinin olması məntiqli addımdır. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində dünyanın bütün ölkələri üçün humanitar-mədəni qiymətə malik olan geniş masştablı tədbirlər təşkil edir:

“Məsələn, beynəlxalq humanitar forum bəşəriyyət qarşısında duran vacib problemlərin dərk edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Öz çoxtərəfli və parlaq fəaliyyəti nəticəsində Polad Bülbüloğlu YUNESKO-ya yaxşı tanışdır. İki onillik ərzində respublikanın mədəniyyət naziri vəzifəsini tutaraq, o, YUNESKO ilə Azərbaycanın əməkdaşlığının inkişafına fəal dəstək olub. Onun rəhbərliyi illərində heç bir kitabxana bağlanmayıb, teatr, muzey, nümayiş zalları və Azərbaycanın bir çox tarixi-memarlıq abidəsi bərpa edilib”.

Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı Ramin Qasımovun sözlərinə görə, Polad Bülbüloğlu sovet insanı, yaradıcı şəxs, peşəkar musiqiçi, ən nəhayət dünyaca məşhurdur:

“Polad müəllim həm də MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri idi. Həmçinin MDB ölkələrinin mədəniyyətlərinin populyarlaşması üçün çox işlər görüb. Düşünürəm ki, bu posta onun irəliləməsi həmin ölkələr arasında münasibətlərdə yalnız pozitiv rol oynayacaq”.

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli yada salır ki, 2007-ci ilin yayında Ermənistanın və Azərbaycanın ziyalılarından ibarət nümayəndə heyəti tərkibində Polad Bülbüloğlu Şuşada valideyninin evinə baş çəkəndə azərbaycanlıların mədəni irsinə qarşı erməni işğalçılarının vandalizm aktlarının şahidi oldu:

“Kifayət qədər ağır səfər idi, sizə deməliyəm ki, biz Şuşada Bülbüloğlunun dağıdılmış evini görəndə mən özümü saxlaya bilmədim. Ancaq Polad atasının xarabalığa çevrilmiş evinə daxil oldu, evin ətrafından bir ovuc torpaq götürüb özüylə Bakıda gətirdi. O, güclü insandır”.

Ötən gün YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliklərin Paris dinləməsindən sonra ermənilər əl-ayağa düşməyə başlayıblar. Onlar Polad Bülbüloğlu haqda iftira yayır, onun ritorikasının ermənilərə qarşı olduğunu ciddi-cəhdlə “sübut etməyə” çalışırlar. Lakin YUNESKO-da çoxları anlayır ki, baş direktor vəzifəsinə Polad Bülbüloğlu kimi özündə bir çox keyfiyyəti birləşdirən, yaradıcılıq fəaliyyətində uğurlara imza atan, mədəniyyətin idarə olunması, bütövlükdə beynəlxalq səviyyədə humanitar sferada böyük təcrübəyə malik insanı tapmaq çətindir. Sözsüz ki, onun rəhbərliyi altında YUNESKO bu beynəlxalq təşkilat qarşısında duran bir çoxsaylı və çətin məsələlərin həllinə yardım edəcək.

Nərgiz


Müəllif: