18 May 23:10
229

Rusdilli təbliğat çox güclü qurulub və Ukrayna bundan əziyyət çəkir.

Bunu Teleqraf.com-a Ukrayna Prezidenti Petro Poroşenkonun Rusiyaya məxsus bir sıra sosial şəbəkələr, xəbər saytları, telekanallar və internet resurslarının bloklanması barədə sərəncamını şərh edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.

Ə.Məmmədli bildirib ki, ifadə azadlığı çox fundamental azadlıqlardandır və hansıs mənbəni bütünlüklə bloka atmaq və ümumiyyətlə, o mənbəyə insanların girişini məhdudlaşdırmaq bütün səbəblərdən, – bura milli təhlükəsizlik də daxildir, – yolverilməzdir: “Bloklama özü ayrıca olaraq senzuradır. Bu senzura informasiya mənbələrinə çıxış, alternativ informasiya alınması imkanlarının tamamilə məhdudlaşdırılmasıdır. Bu baxımdan Ukraynanın yanaşması doğru deyil. Əlbəttə, Ukrayna əleyhinə təbliğat aparanların məhkəməyə verilməsi, yaxud həmin yazılarla bağlı məsələnin məhkəmə müstəvisinə daşınması mümkündür. Amma Rusiya mənbəli resursların hamısının birmənalı olaraq qadağan olunması doğru yanaşma deyil. Bu, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə bağlı mübahisə yarada bilər”.

Ə.Məmmədli onu da bildirib ki, bu prosesin nə qədər effektiv nəticə verəcəyi də ikinci bir məsələdir: “Çünki əgər rusdilli ukraynalı əgər rusdilli mənbəni oxumaq istəyirsə, o yenə də müxtəlif proqramlardan, yaxud da mobil resurslardan istifadə edərək bloklanmış resurslara giriş əldə edəcək. Demək, bu, əslidə tam effektiv metod deyil. Amma digər tərəfdən, bu da anlaşılmalıdır ki, bəli, Rusiya Ukraynanın milli maraqlarına, dövlət müstəqilliyinə və ərazi bütövlüyünə təcavüz edib. Bu təcavüzlə yanaşı propoqanda yağışı da davam edir. Həmin propoqandanın hansısa formada önləməyin yolları tapılmalıdır. Bu məsələdə qarşı tərəfin də üzərinə müəyyən məsuliyyət düşür. Əgər Rusiya mətbuatı müstəqil ola, doğruları deyə bilmirsə, onlar da özlərinə baxmalı, balansı mümkün qədər qorumalıdırlar. Çünki media savaşın tərəflərindən biri deyil. Media əslində obyektiv tərəf olmalı, obyektiv işıqlandırmalıdır. Savaşan tərəflər hətta hökumətlər olsa belə, media bunlarla məsafəni mümkün qədər qoruya bilməlidir”.

Ə.Məmmədli qeyd edib ki, saytların bloklanması ilə bağlı Ukrayna hökumətinin yürütdüyü Avropaya inteqrasiya siyasətinə də ziddir: “Mən ona görə konvensiyanın 10-cu maddəsini vurğuladım ki, istər həmin konvensiyanın özündə, istərsə də Avropa İttifaqının yeni konstitusiyasının 11-ci maddəsində bunlar çox aydın şəkildə göstərilib. Yəni, informasiya əldə olunması, yaxud ifadə azadlığı hər kəsə tanınan hüquqdur və bu proses təmin olunmalıdır. Ölkə sərhədləri buna mane olmamalıdır. Bu baxımdan buna qoyulacaq məhdudiyyətlər çox konkret və aydın olmalıdır. Bu formada bütünlüklə bloklama məncə, legitim məqsəd daşımır”.

Ələsgər Məmmədli hesab edir ki, Rusiyanın bir çox KİV-ləri sistemli şəkildə hakimiyyətin birbaşa propoqanda vasitəsi kimi istifadə olunur: “Bu tendensiya nəinki Ukraynanı, Şərqi Avropanı, hətta Qərbi Avropanı və bizi də təhdid edir. Biz sistemli olaraq bunun zərərini görən ölkələrdənik. Rusiyanın bu davranışı dözüləsi davranış deyil. Buna bir qədər alternativ metodlar tapmaq lazımdır. Məsələn, rusdilli məktəblər bütünlüklə bağlana bilər, Rusiyaya tələbə göndərilməsi dayandırıla bilər”.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com