19 May 2017 15:46
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı isteblişment Donald Trampın Rusiyanın casusu olduğu haqda yazılar yazıb rəy yaratmaqla onu ləkələməyə çalışırlar.

Bu sözləri Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev ABŞ Maliyyə Nazirliyi tərəfindən Trampın Rusiya ilə gizli əlaqələrini araşdırmaq üçün məlumatları Konqresə göndərməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, Vaşinqtondakı isteblişment, eləcə də siyasi-diplomatik, 100 ildir kök salan mətbuat və televiziya üçün Tramp “yad cisimdir”: “Donald Tramp onların arzu etmədiyi şəxsdir. Klintonun hakimiyyətə gələcəyini gözləyirdilər, ənənəvi siyasi dil və yanaşmanın cəmiyyətin bütün sahələrində davam edəcəyini düşünürdülər. Amma Tramp yeni yanaşma tərəfdarıdır, onun çıxışları cəmiyyətin bir qismində ziddiyyət yaratsa da, nəticə göstərdi ki, Amerika xalqının seçimi odur. Onun dağıdıcı, dəyişdirici yeni yanaşması oturuşmuş isteblişment üçün heç də arzuolunan deyil. Trampın hakimiyyətə gəlməməsi üçün ABŞ-dakı KİV-lərin 99 faizi onun əleyhinə təbliğat apardığı halda xalqın dəstəyini alaraq hakimiyyətə gəldi. Prezident olandan sonra onun əleyhinə olan siyasi dairələr, o cümlədən media ona müharibə elan edib. Onun yararsız, bacarıqsız, məsuliyyətsiz, Putinin “kukla”sı, daha dərinə gedərək, Rusiyanın casusu olduğu olduğu, Moskva ilə gizli əlaqələrinin mövcudluğu və Putinin dəstəyi ilə hakimiyyətə gəldiyi barədə yazılar yazıb rəy yaratmaqla onu ləkələməyə çalışırlar. İndiki dönəmdə Konqresdə Trampın partiyası olan üstün olduğundan gələcəkdə, 2 ildən sonra seçkiləri qazanıb onu impiçmentə aparmaq arzusu ilə yaşayırlar. Aparılan işlərin hamısı Trampın tezliklə hakimiyyətdən getməsinə yönəlmiş cəhdlərdir”.

Elxan Mehdiyev Respublikaçılar partiyasında prezidentin mövqeyini bölüşməyənlərin olduğunu söyləyib: “Daha çox ideoloji baxışları ilə fərqlənən konqresmenlər və senatorlarla Tramp arasında hələ seçki zamanı ziddiyyət yaranmışdı. Zaman keçdikcə bir qismi ilə münasibətlər düzəlsə də, bir qismi, o cümlədən nüfuzlu senator Makkeyn hələ də Trampın bütün addımlarını dəstəkləmir. Ümumilikdə Respublikaçılar Partiyası və Konqresin sədri Pol Rayan Trampa tam inandığını və dəstəklədiyini bildirir. Başqa cür mümkün deyil. Çünki bilavasitə onların birgə səyi nəticəsində təkcə Tramp yox, Respublikaçılar Partiyası qalib gəlib”.

Konfliktoloq Konqresin Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı maliyyə bağlarının araşdırılması barədə çağırışların normal olduğunu dilə gətirib: “Amerika hüquq dövlətidir, konqresmenlər sorğu verirsə, heç kim onun qarşısını ala bilməz. Sona qədər araşdırma aparmağa hüquq və səlahiyyətləri çatır. Nəticənin necə olacağını, Trampın Rusiya ilə əlaqəsinin olub-olmadığını qurulmuş komissiya müəyyənləşdirəcək. Tramp hökumətinin özü bütün bu söz-söhbətlərə son qoymaq üçün tamamilə müstəqil olan Federal Təhqiqatlar Bürosunun keçmiş sədri Robert Muelleri xüsusi prokuror kimi Rusiya ilə bağlı araşdırmalara nəzarət etməsi üçün təlimatlandırıb. Trampın Rusiyaya, öz növbəsində Putinin Trampa olan rəğbətli çıxışları və mesajları seçki zamanı var idi. Klinton dairəsi bundan istifadə edib Rusiyanın Trampı dəstəklədiyini, Trampın da sabah Rusiyanı dəstəkləyəcəyinə dair ittihamlar irəli sürürdü. Siyasi dairələr və media vəziyyəti elə yönəldib ki, artıq Tramp Rusiya prezidenti ilə görüşməyə risk etmədi. Çünki elə mühit yaradılıb ki, o mühitin içində onun Putinlə görüşməsi mümkün olmur. Nəticədə son vəziyyəti müzakirə etmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər etdi. Hətta bu fonda ABŞ prezidentinə qarşı ittihamlar davam edir. İddia edilir ki, Tramp gizli və sirli məlumatları Rusiya tərəfinə ötürüb. Bu cür iddialarla çıxış etmək tamamilə qeyri-səmimi yanaşmadır. Çünki görüşdə prezident tək oturmur. Sənəd verilibsə də Trampın təkbaşına hazırladığı deyil, xarici işlər naziri, müdafiə naziri, milli təhlükəsizlik üzrə köməkçisinin birgə hazırladığı sənəd olub”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Trampın Rusiya ilə mümkün əlaqələrini araşdırmaq üçün məlumatları Konqresə göndərib.

Sənədlər nazirliyin maliyyə kəşfiyyatı xidmətindən (FİNCEN) Konqresin hər iki palatasının kəşfiyyat üzrə komitəsinə daxil olub.


Müəllif: Nərgiz