22 May 2017 14:35
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ da bilir ki, İranın ona vuracağı ziyana dözə bilməyəcək.

Teleqraf.com İranda son prezident seçkiləri, Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsi, bunun regiona və Azərbaycana mümkün təsirləri mövzusunda politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

- Zərdüşt bəy, İranda prezident seçkiləri keçirildi və Həsən Ruhani II müddətə prezident seçildi. Seçkilər və onun nəticəsi haqda nə deyə bilərsiniz?

- Birincisi, bu onu göstərdi ki, islam demokratiyası çərçivəsində gerçək rəqabət oldu. Yəni orada namizədlər 90,80 və ya 75 faiz səs toplamır. Üstəlik seçkilərdə ciddi rəqiblər olur, onlar seçki kampaniyası aparır və kifayət qədər səs toplaya bilir. Bu seçkilərdə Ruhani qalib oldu. Başqa sözlə, İran xalqları düşündü ki, Ruhani birinci müddət prezidentliyi dövründə İrana yaxşı rəhbərlik edib və insanların etimadını qazanıb. Bununla da xalq Ruhaniyə bir müddət də şans tanıdı və ona İranı irəliyə aparmaq şansı verdi.

- Bu seçkilər İran cəmiyyətinin bölünməsini ortaya qoymadımı?

- Yox. Mən sizin kimi düşünmürəm.

- Amma Həsən Ruhaninin əsas rəqibi olan Rəisi də az qala 15 milyon seçici səsi alıb...

- Əgər əhali quruluşa inanırsa, deməli səs bölgüsü cəmiyyətin sağlamlığına işarədir. Yox, əgər əhali quruluşa inanmırsa, o zaman belə səs bölgüsü narahatlığa gətirib çıxarır. Xatırladım ki, Əhmədinejatın ikinci seçkisində Musəvinin tərəfdarları küçələrə tökülüşdü və nəticələrə qəti etiraz etdi. Böyük qarşıdurma oldu, narazıları həbs etdilər və s. O zaman ciddi qarşıdurma var idi, çünki insanlar quruluşa inanmırdı, onu ədalətli hesab etmirdi. İndi Rəisinin tərəfdarları etiraf edirlər ki, təmiz seçki keçirildi və Həsən Ruhani qalib gəldi.

- Beynəlxalq konyunkturanın İran seçkilərinə təsiri hansı formada oldu?

- Sözsüz ki, oldu. Amma nəzərə alın ki, beynəlxalq konyunkturanın bütün ölkələrdə keçirilən seçkilərə təsiri olur. Məsələn, ABŞ-da prezident seçkilərində rus mövzusu mühüm məsələ idi. İranda da Qərblə münasibətlər mövzusu üzdə olmasa da, səhnə arxasında ciddi rol oynayırdı. Çünki əhali unutmur ki, Ruhani Qərblə münasibətləri tənzimləyib. Onun dövründə nüvə proqramı razılaşması əldə edilib, İran üzərindən müəyyən cəza tədbirləri götürülüb. Bu əslində Ruhaninin qələbəsinə təsir edən ciddi faktor idi.

- Demək istəyirsiniz ki, İran cəmiyyəti həm də Qərblə əməkdaşlıq siyasətinin davam etməsinə səs verdi?

- Bəli, tamamilə doğru anladınız. Ümumiyyətlə, İran cəmiyyətinin Qərbə mühüm rəğbəti var. Unutmayın ki, İran Qərbdən çox müsbət şeylər götürə bilib. Yəni iqtisadiyyatını, təhsilini, elmini inkişaf etdirib. İran cəmiyyəti özünəməxsus mühafizəkar tərzdə yaşsa da, pərdə açıq olub. Xüsusilə indiki zamanda internet, kompüter, kommunikasiyalar İran əhalisini dünya elminə açıq edib. Yalnız onu demək kifayətdir ki, İran kinosu dünya kinosunun qabaqcıl kinolarından biridir. İran elmi getdikcə yüksək qiymətləndirilir. Dünyanın aparıcı elmi jurnallarında İran alimlərinin məqalələrinin sayı artıb və artıq rus alimlərinin məqalələrinin sayı ilə bərabərləşib. İran yüksək texnologiyaları almaq niyyətini elan edib, habelə Qərbin qabaqcıl neft şirkətlərini milli sərvətlərini istismar etməsinə buraxmağa hazır olduğunu elan edib. Bütün bunlar göstərir ki, İran Qərb dünyasına açıqdır. Əgər Qərbin İranla bağlı bəd niyyəti olmasa, onlar İrandan təhlükə görməməlidir.

- İran seçkiləri həm də Qərbin Tehrana qarşı siyasi, iqtisadi və hərbi təhdidləri ilə müşayiət olunurdu. Bu baxımdan seçkidən sonra İran-Qərb münasibətləri hansı ssenarilər üzrə inkişaf edə bilər?

- Əvvəla İran rəsmən İsraili tanımır və tanımaq niyyəti də yoxdur. Məncə, bu məqam İran xarici siyasətinin qüsurudur. İran İsraili tanımalıdır. Ancaq İsrailin də haqqı yoxdur ki, Fələstini tapdalasın, torpaqlarını işğal etsin. Yəqin ki, nə vaxtsa bu məsələlər düzələcək. İsrail siyasəti günün birində fələstinliləri əzdiyinə görə peşman olacaq. İndi isə İsraildə qeyri-ədalətsiz və zalım siyasətin tərəfdarları çoxdur.

İrana qarşı təzyiqlər və hədələr, sanksiya açıqlamaları bu ölkəyəciddi təsir edə bilməz. Çünki bu ölkə Qərbin ədalətsiz və zalım siyasəti ilə yaşamağa çoxdan öyrənib. Bilir ki, Qərbdə mənəvi dəyərlər yox dərəcəsindədir, əsas onların siyasi, iqtisadi dəyərləri rol oynayır. Bu baxımdan Qərb də ağa qara deməyi məqbul sayır, təki maraqlar təmin olunsun. Onlar yalanı həqiqət səviyyəsinə qaldırmağı bacarırlar. Tarixdən azca məlumatı olan insanlar bilirlər ki, Qərb nə qədər yalan deməyi bacarır. Elə İraq, Liviya, Yəmən və Suriya məsələsi, insan haqlarına ikili yanaşma göz qabağındadır. Ancaq ağıllı adamlar deyirlər ki, Qərbin bu cür nisbi əxlaqa söykənən mövqeyi ilə yanaşı həm də böyük nailiyyətləri də var. Ağıllı dövlət başçıları Qərbdən nəsə götürmək istəyir, onunla münasibətləri normal formaya gətirməyə çalışır. Amma Qərb də öyrəşib ki, öz tərəf müqabillərini aşağılasın, daha böyük mənfəət əldə etsin. Bunun üçün də informasiya müharibəsindən istifadə edir. Uzağa getməyək, Qarabağ münaqişəsində Qərbin mövqeyi necədir? Tamam əxlaqsız mövqedir! Terrorçuları dəstəkləmək, onları müdafiə etmək, işğala məruz qalanı aşağılamaq. Bu, Qərbin mövqeyidir. İkili münasibətin olduğu bəllidir. Amma bir daha deyirəm ki, İranda da, başqa yerlərdə də Qərbə münasibət yaxşıdır, hamı istəyir əməkdaşlıq etsin, münasibətlərdən faydalansın.

- Yəni İran-qərb münasibətlərində hərbi istiqamət gözləmirsiniz...

- Mən gözləmirəm. Bəli, oğul Buşun prezidentliyi zamanı hərbi qarşıdurma və müharibə ola bilərdi. Ancaq İran da öz tədbirlərini görmüşdü.

- Hansı tədbirləri?

- Əvvəla, İran hərbi sənaye kompleksini, xalqın hərbi hazırlığını inkişaf etdirdi. Ciddi təhlükə hesab olunan Buş dövründə ABŞ və müttəfiqləri İranı dağıda bilərdilər, amma İranın da vuracağı ziyan Qərbin dözəcəyi həddən yuxarıdır. Yəni İran Liviya deyil k, gəlib başını kəsəsən, Suriya deyil ki, istədiyini edəsən. İran Qərbin mənafelərinə və müttəfiqlərinə o qədər böyük ziyan vura bilər ki, bu, Tehrana qarşı təcavüzə əl atan siyasi rəhbərin ölüm hökmü ilə nəticələnər. Bunu da bütün siyasilər anlayır. Odur ki, İranla bağlı hədələyici tərzdə danışsalar da, sözdən əmələ keçmirlər. Bilirlər ki, İran layiqli cavab verməyə qadir ölkədir.

- Həsən Ruhaninin siyasətinin davamı regiona hansı təsirlər göstərəcək?

- Ruhaninin vaxtında İran sabit, ardıcıl və sülhpərvər siyasət aparırdı. Həm də öz mənafelərini müdafiə etməyə qadir dövlət kimi özünü göstərə bildi. Uzağa getməyək. Qərb şüurlu şəkildə, eləcə də mürtəce ərəb rejimləri olan Səudiyyə, Qətər və digərləri dünyəvi dövlət olan Suriyanı vəhşicəsinə dağıtmağa və əlaltısına çevirməyə başlayanda İran qətiyyətli mövqe tutdu. Tehran Bəşər Əsəd rejimini müdafiə etdi. Ona nail oldu ki, Bəşər Əsəd indi də hakimiyyətdədir və Suriya İrana yaxın ölkə olaraq qalmaqda davam edir. Bu əsnada İran Rusiya ilə müttəfiq münasibətləri qurdu. Bu müttəfiqlik o həddə çatdı ki, Tehran Həmədanda olan hərbi bazasını rus təyyarələrinə verdi, rus raketlərinin İran üzərindən uçaraq Suriyadakı hədəflərə dəyməzinə icazə verdi. Bu konkret hərbi əməkdaşlığa çevrildi. İndi qabaqcıl rus silahının İrana satılması haqqında danışıqlar aparılır. Hazırda İranın müttəfiqi olan “Hizbullah” xeyli gücləndi. Bunların hamısı faktdır. Həmçinin İran birbaşa müdafiə etməsə də, Yəməndə husilər hakimiyyətə gəldi. Düzdür, Səudiyyə Ərəbistanı Yəməndə vətəndaş müharibəsi salmağı rəva gördü, amma buna rəğmən, hazırda Yəmənin paytaxtı husilərin əlindədir. Misirdəki mürtəce hərbi çevrilişdən, islamçıların əzilməsindən sonra İrana münasibət müsbət oldu. Həmçinin İraqın da İrana münasibəti çox yaxşıdır. Strateji olaraq Türkiyədə islamçı meyllərin güclənməsi də ona gətirəcək ki, Türkiyə və İran müəyyən sahələr üzrə yaxın əməkdaşlıq edəcək. Yəni Şərqdə İrana müsbət yanaşma var.

- Ruhaninin hakimiyyətdə qalması Bakı-Tehran münasibəltərinə hansı formada təsir göstərəcək?

- Ruhaninin birinci prezidentliyi zamanı Azərbaycan və İran arasında bir sıra mühüm müqavilələr imzalanıb. Konkret iqtisadi əməkdaşlıq başlanıb, Şimal-Cənub nəqliyyat dəhlizinin inşasına start verilib və s. Bütün bunlar göstərir ki, iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq şərti ilə əməkdaşlığı inkişaf etdirəcək.

CAVAD


Müəllif: Teleqraf.com