22 May 2017 15:06
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə keçirilən Ərəb-İslam-Amerika Sammitinin çox böyük əhəmiyyəti var. Birincisi, bu, ABŞ Prezidenti Donald Trampın xaricə ilk səfəridir. Onun ilk səfərini Yaxin Şərqə etməsi İslam dünyası ilə münasibətləri prioritet istiqamətə çevirmək və bu regionu diqqətdə saxlamaq istəyi ilə bağlıdır.

Bunu mayın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika sammitini və bu sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını Teleqraf.com-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, bu, Ağ Evin yaxın 4 il ərzində Yaxın Şərqlə bağlı bir çox addımlar atacağının mühüm göstəricisidir: “Əvvəlki prezident Barak Obamanın dövründə məhz Yaxın Şərq ABŞ-ın xarici siyasətdə ən ağrılı yeri idi. “Ərəb baharı” ssenarisi, Suriyada, Yəməndə, Liviyada baş verən hadisələr, İŞİD təhlükəsi ABŞ-ın Obama dövründə buraxdığı səhvlərin hansı ağır nəticələrə gətirib çıxardığının göstəricisidir. Donald Trampın isə ilk bəyanatlarında xarici ölkələrin siyasi rejimlərini dəyişmək fikrindən uzaq olduğu, hərbi əməliyyatlar keçirmək istəmədiyi barədə bəyanatlarını hər kəs xatırlayır. Hətta, bu günlərdə ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Suriyadan ABŞ qoşunlarını çıxarmaq istədiyini bəyan etdi. Eyni zamanda Yaxın Şərq dünya bazarına daha çox neft-qaz resursları çıxaran bölgədir. Bu ölkələrlə münasibətlər dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bu baxımdan sammitin keçirilməsi yaxın gələcəkdə bölgə, İslam dünyası ilə bağlı məsələlərin hər zaman diqqətdə olacağını göstərir”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan üçün bu sammitin keçirilməsi ümumən əhəmiyyətlidir: “Azərbaycan Şərqin, İslam dünyasının bir hissəsidir və bu dünyada baş verənlər istər-istəməz Azərbaycanın da dünya birliyində vəziyyətinə təsir edir. Amma Azərbaycan Prezidentinin bu sammitə dəvət edilməsi bizim üçün ikiqat əhəmiyyətlidir. Bununla da ölkənin mövqeyinin, nüfuzunun nəzərə alındığı bir daha aydın oldu, bu bölgə, ümumən dünya ilə bağlı məsələlərdə Azərbaycanın təsir imkanlarına qiymət verildi. Qeyd edim ki, sammitdə iştirakla Azərbaycan-Yaxşı Şərq, Azərbaycan-ABŞ münasibətlərinə də tamamilə yeni bir keyfiyyət gətirilir. Cənab Prezidentimizin tədbirdə iştirakı, onun sammit iştirakçıları ilə görüşü, bu görüşlərdə ikitərəfli münasibətlərlə bağlı fikirlərin söylənilməsi çox əhəmiyyətli bir məsələdir. Hesab edirəm ki, Azərbaycanın bu tədbirdə iştirakı ölkənin günü-gündən artan siyasi, beynəlxalq nüfuzundan xəbər verir”.

Müsahibimiz 2015-ci ilin noyabrın 15-16-da Azərbaycanın Antalyada keçirilən G-20 sammitində iştirakını xatırladıb: “Azərbaycanın hər il keçirilən Davos Dünya İqtisadi Forumuna, Münhen Təhlükəsizlik Konfransına dəvət edilməsi, ölkəmizin ağrılı Dağlıq Qarabağ probleminə dair dünyanın nüfuzlu ölkələrinin vaxtaşırı fikir bildirməsi Azərbaycanın artıq beynəlxalq birlikdə oturuşmuş yüksək nüfuza malik olduğunu göstərir. Sammitdə iştirak isə ilk növbədə bu nüfuzun göstəricisidir. İkincisi Yaxın Şərqlə və ümumən Şərqlə bağlı aparılan siyasətdə Azərbaycanın da mövqeyinin və təsirinin nəzərə alınacağı bir daha bildirilir. Üçüncüsü, ə Azərbaycanla ABŞ-ın yeni administrasiyası arasında münasibətlərdə artıq yeni addımlar atılır. Ümumən götürdükdə, həm sammitin keçirilməsini, həm də Azərbaycanın burda iştirakını böyük uğur saymaq olar. Donald Trampın ilk səfərini Yaxın Şərqə etməsi, İslam və ərəb ölkələri ilə münasibətləri prioritetə çevirməsi ABŞ-ın xarici siyasətdə radikal xarakterini dəyişməsinə, daha çox sülh motivlərinə, məsələlərin diplomatiya yolu ilə həllinə üstünlük veriləcəyinə bir işarədir. Həmçinin Azərbaycanın bundan sonra da bu tip tədbirlərdə həmişə arzuolunan iştirakçı olacağına da hesab edirəm ki, artıq çox ciddi bir mesaj verilib”.


Müəllif: Səxavət HƏMİD