22 May 2017 17:22
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğvi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. “Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir konqres təşkil etməsi vacib bir faktdır. Konqresin fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir. Konqres hər iki ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da yüksəlməsi üçün stimul verib”, – deyə məktubda bildirilib.

Məktubda qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji əməkdaşlığa ziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq”, – deyə məktubun sonunda qeyd olunur.


Müəllif: Səxavət