23 May 2017 14:46
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in terror aktı törətmək üçün İngiltərəni seçməsi təsadüfi deyil. Çünki İngiltərə ABŞ-la birlikdə hərəkət edir və Rakkaya hazırlanan hücumda koalisiya qüvvələrinə ABŞ və İngiltərə koalisiya rəhbərlik edəcək.

Bunu Teleqraf.com-a mayın 22-də İŞİD tərəfindən İngiltərənin Mançester şəhərində törədilən terror aktına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, İngiltərə anti-Rakka, anti-İŞİD əməliyyatında aparıcı qüvvələrdən biridir: “Bu, həm göz qorxutmaq, həm də öz gücünü nümayiş etdirmək məqsədi daşıyır”.

Q.Hüseynli İŞİD-in son günlərini yaşadığını bildirib. Onun fikrincə, artıq İŞİD-ə qarşı çox ciddi cəbhə formalaşdırılıb: “Trampın Səudiyyə Ərəbistanına səfəri İŞİD-in sonu deməkdir. Mançesterə İŞİD-in əli çata bilər. Əgər onlar Ankaraya terror aktı törətmək üçün qrup göndərə bilirlərsə, Mançesterə də göndərə bilərlər. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bu teraktlar İŞİD-in son çırpıntılarıdır. Çünki Rakkaya hücumun artıq bütün parametrləri hazırlanıb, quru qüvvələri yerləşdirilib, hərbi-hava qüvvələri hazır vəziyyətə gətirilib. Yaxın günlərdə Rakka üzərinə, yəni İŞİD-in son istinadgahına hücum başlamalıdır. Bu hücuma cavab vermək, onun əhəmiyyətini öldürmək üçün İŞİD bu addımı ata, bununla dünyanın diqqətini çəkə bilər. Dünyada terrorun ən amansız formalarını tətbiq edən İŞİD-in yer üzündən silinməsinə, onun əsas qüvvələrinin məhv edilməsinə çox az qalıb. Bundan sonra dünya nisbətən rahat nəfəs alacaq”.

Q.Hüseynli İŞİD-in əqidə və ideologiyasız bir təşkilat olduğunu vurğulayıb: “İŞİD Səddam Hüseyn generallarının tör-töküntüsündən yaradılıb. Amma Səudiyyə Ərəbistanının maliyyə yardımı ilə vəhhabilik əsasında formalaşıb. Təəssüf ki, bu prosesdə Türkiyə də müəyyən qədər iştirak edib. Vaxtilə ABŞ da Suriya Azadlıq Ordusunda müəyyən qüvvələrə yardım edib. Amma təlim keçib yardım aldıqdan sonra bu qüvvələrin çoxu İŞİD-in tərkibinə qarışıblar”.

Politoloq Avropa ölkələrində ictimai yerlərdə təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olduğunu da vurğulayıb: “Buna mən özüm də təəccüblənirəm. Ötən il Almaniyanın Köln şəhərində oldum. Orda hava limanında təhlükəsizlik tədbirlərinin çox aşağı səviyyədə olması məni təəccübləndirdi. Baqaj yüklərinin alınmasından tutmuş insanların özünün yoxlanılmasına qədər bütün təhlükəsizlik tədbirləri aşağı səviyyədə idi. Məsələn, Heydər Əliyev Beynəlxalq Hava Limanında həm içəri keçərkən, həm də təyyarəyə gedərkən elektron yoxlamadan keçirsən. Hətta, baqaj yükləri də elektron və kineloji yoxlamaya məruz qalır. Görünür, Avropa ölkələrində baqaj yükləri elektron yoxlamadan keçsə də, insanları yoxlayan yoxdur. Avropanın əksər ölkələrində hava limanları, dəmiryol vağzalları , metrolar və sair ictimai yerlərdə yoxlama və təhlükəsizlik məsələləri çox aşağı həddədir. Bu cür özünə güvən, özünə inam yolverilməzdir. Ona görə də İŞİD üzvünün Almaniyada, İngiltərədə maşın tapıb onu kütlənin üzərinə sürməsi çox asanlıqla baş tutur. Zənnimcə, ölkəyə giriş-çıxış, xüsusilə əcnəbi vətəndaşlar ciddi nəzarət altına alınmalı və yoxlanmalıdır. Hələlik Avropada, elə ABŞ-ın özündə də bu məsələ aşağı səviyyədədir”.


Müəllif: Səxavət HƏMİD