24 May 2017 20:25
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin nitqində əksini tapan bütün məqamlar dəyərli və çox vacibdir. Onları dinləmək, həyata keçirmək və əməl etmək lazımdır. Eyni zamanda söylənilən fikirlərdən fərəhlənmək, ruhlanmaq, irəliyə doğru baxmaq, daha da inkişaf etmək, yeni-yeni qələbələrə doğru, Qarabağdakı qələbəmizə doğru istiqamət almaq hamımızın arzusudur. Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Qeyd edək ki, mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Prezident İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Dövlət başçısı görüşdə geniş və məzmunlu nitq söyləyib. Prezident öz nitqində bir sıra digər məsələlərə də toxunub.

E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev idman qələbəsinin qeyd olunması ilə yanaşı eyni zamanda çox mühüm məqamlara toxunub: “Bu da bütövlükdə dünyaya, dünyada sülhə, həmrəyliyə, əməkdaşlığa, insanpərvərliyə çağırış idi. Xüsusilə də cənab Prezident İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, burdakı qələbələrlə bağlı bütövlükdə İslam dünyasına səsləndi. İslam özü sülh, tərəqqi, humanizm, insanpərvərlik deməkdir. Bu gün dünyada İslamı sevməyən müxtəlif qüvvələr sanki bütün çıxışlarında, tədbirlərində çalışırlar ki, dinimizlə terroru, cürbəcür xoşagəlməz əməlləri eyniləşdirsinlər. Ancaq bu belə deyil. Cənab Prezident bunu dünənki çıxışında xüsusilə vurğuladı. İslam sülh, humanizm dinidir. İslam həmrəylik, tərbiyə, inkişaf və mədəniyyət deməkdir. Cənab Prezident Azərbaycanda olan bugünkü ictimai-siyasi vəziyyətlə, idmanla yanaşı digər sahələrdə müşahidə olunan inkişafla bütün İslam dövlətlərini məlumatlandırmış oldu. Cənab Prezident bütün xalqlara, millətlərə səsləndi ki, bir yerdə yaşamaq vacibdir və bu mümkündür. Müxtəlif dillərin, dinlərin, mədəniyyətlərin insanların, millətlərin uğurlu birgəyaşayışını Azərbaycan nümunəsində görmək olar. Cənab Prezidentin bu çağırışlarından nəticə çıxarılmalıdır. İslam dövlətlər arasında dostluq, əməkdaşlıq, sülh olmalıdır”.

Onun sözlərinə görə, müxtəlif məzhəblərə, təriqətlərə, iddialara görə bu gün İslam dünyasında pərakəndəlik, xoşagəlməz hallar, münaqişə ocaqları vətəndaş qarşıdurması, dağıntılar, ölümlər, terrorlar mövcuddur ki, bu da İslama yaraşmayan hallardır: “Bunlardan kənar, həmrəy olmaq, birgəyaşayışa nail olmaq, əməkdaşlıq və dostluq etmək lazımdır. Bizim gücümüz də bundadır. Əgər İslam dünyası bütün dünyada sayılmasını, hörmətli, nüfuzlu olmaq istəyirsə, İslam həmrəyliyinə xüsusi fikir verilməlidir. İslam həmrəyliyi sözdə yox, işdə öz əksini tapmalıdır. O zaman təbii ki, İslam dünyası ilə hesablaşacaqlar. Təbii ki, o zaman İslam dünyasının da sözü kəsərli, keçərli olacaq. Bu gün İslam dövlətlərinin bir çoxunda mövcud olan gərginlik, müharibə və münaqişələr, qan tökülməsi, insanların öldürülməsi, terror aktları silinib atılacaq. Cənab Prezident hər zaman bu məsələlərə böyük diqqət yetirib. Təbii ki, diplomatik, siyasi yolla bu fikirlərini çox önəmli şəkildə çatdırdı. Azərbaycan vətəndaşı olaraq hər birimiz bununla qürur duyduq, fəxr etdik. İstərdim ki, cənab Prezidentin bu çağırışlarına səs verilsin. Bu fikirlər İslam dünyasında irəliyə, dostluğa, əməkdaşlığa, inkişafa doğru təkan olsun”.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com