25 May 2017 12:39
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını A.Quteresə çatdırıb. A.Quteres Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş edib.

E.Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov həmçinin Azərbaycanın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri və məqsədlərinə sadiq olduğunu və BMT-nin fəaliyyətinə dəstək və töfhə verdiyini qeyd edib. Azərbaycanın 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu deyən E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman verildiyini xatırladaraq, bu şuranın 2030-cü ilə qədər qlobal inkişaf məqsədləri və hədəfləri çərçivəsində milli prioritetlərin və göstəricilərinin müəyyən edilməsi, müvafiq dövlət proqramlarının dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılması üzrə məsul olduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycanın inkişaf etməkdə olan həmçinin daha az inkişaf etmiş, həmçinin təbii fəlakətlərlə üzləşmiş ölkələrin ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirdiyini deyib və bu illər ərzində müxtəlif regionlardan olan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə humanitar və digər yardımlar göstərildiyini vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsinin Azərbaycana beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacağını deyib.

Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirildiyini deyən E.Məmmədyarov bu xüsusda 2016-ci ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edildiyini əlavə edib. Həmçinin, 2016-ci ilin aprel ayında Azərbaycanın Sivilizasiyaların Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Azərbaycan-BMT əlaqələrinin inkişaf tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin, həmçinin ölkəmizin BMT TŞ-na sədrlik etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

E.Məmmədyarov həmçinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edərək, münaqişənin həlli üçün baza sənədlərinin də məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr olduğunu vurğulayıb. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə edib. Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

A.Quteres Azərbaycanın BMT-nın təşəbbüslərində və proqramlarında yaxından əməkdaşlığının və münasibətlərin dərinləşməsi istiqamətindəki səylərinin yüksək qiymətləndirildiyini bildirib və əməkdaşlıq üçün perspektiv vəd edən sahələrin müəyyən edilməsində bu kimi görüşlərin vacib olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət