16 İyun 12:50
188

10:48

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq səfər zamanı səmərəli müzakirələrin və danışıqların aparıldığını deyib, bu danışıqların əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı birgə yanaşmanı bir daha nümayiş etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların səfərin növbəti günü başlamasının rəmzi xarakter daşıdığını vurğulayıb və bu danışıqların uğurla davam etdirildiyini deyib. Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlət başçısı əlaqələrimizin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd edib, əməkdaşlığımızın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırıb.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən prezident İlham Əliyev Azərbaycan tərəfinin əlaqələrimizin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirib.

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycan prezidentini Qurtuluş Günü münasibətilə təbrik edib. Prezident İlham Əliyevin Brüsselə son səfərinə toxunan qonaq səfərin uğurlu keçdiyini, məhz bu səfərdən sonra Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd edib və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirib. Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Y. Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirələr olundu, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulanıb.

Görüşdə, həmçinin regional məsələlər ətrafında fikri mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com