16 İyun 2017 13:10
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın bir neçə həftə əvvəl Ər-Riyada səfərində Amerika ilə Səudiyyə Ərəbistanı arasında silah alışı ilə bağlı 110 milyard dollarlıq müqavilə imzalanmasından sonra İran rəsmiləri Vaşinqtonun regional müttəfiqləri ilə birlikdə İrana qarşı mümkün müharibəyə başlayacağından ehtiyatlanırlar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi tələbələr və ordu komandirləri qarşısında çıxış edərək Amerikanın İrana qarşı mümkün hücumundan danışıb.

Rəhim Səfəvi bildirib ki, bütün dünyada Amerikanın bir fövqəldövlət olaraq əvvəlki gücü və imici tənəzzülə uğramaq, məhv olmaq ərəfəsindədir:

“Buna misal da Amerikanın Suriya savaşını dayandıra bilməməsi və onun regionda öz istək və arzularnı gerçəkləşdirməkdə aciz qalmasıdır.

Əgər Amerika İrana qarşı müharibə başlatmaq istəsə, onun bölgədəki bütün hərbi bazaları hədəfə alınacaq. İran isə 2 min kilometrlik məsafəni qət etməyə qadir olan öz raketləri ilə ölkə sərhədlərini qorumaq gücünə malikdir”.

Bundan başqa, dünən ABŞ Dövlət katibi Reks Tillersonun "İrandakı rejim dəyişikliyinin tərəfdarı olan qrupları dəstəkləyirik" sözləri rəsmi Tehranın sərt reaksiyasına səbəb olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Tillersonun söylədiklərini beynəlxalq qanunların açıq şəkildə pozulması kimi səciyyələndirib.

Vaşinqtonun Tehran əleyhinə uzun zaman davam edən siyasətinin təsirsiz və yararsız olduğunu qeyd edən Qasımi bu siyasətin İran xalqında ABŞ-a olan nifrətin artırdığını söyləyib.


Müəllif: Samir