20 İyun 2017 09:25
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan son illərdə bir sıra Latın Amerikası ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığa başlayıb. Bu çərçivədə parlamentlərarası münasibətlərə də böyük önəm verilir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Argentina, Kolumbiya və Uruqvayla parlamentlərarası dostluq qrupunun üzvü, Braziliya ilə dostluq qrupunun sədri Asim Mollazadə bildirib.

O qeyd edib ki, bir sıra Latın Amerikası ölkələrinin parlamentlərində Xocalı faciəsini tanıyan, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən müvafiq sənədlər qəbul edilib: “Bəzi Latın Amerikası ölkələrində isə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Təbii olaraq həm mədəni, həm də iqtisadi və humanitar sahədə Latın Amerikası ölkələri ilə əməkdaşlıq güclənir”.

A.Mollazadə bildirib ki, bunun əsas səbəbi Azərbaycanın dünyaya öz dəyərlərini təqdim etməsi ilə bağlıdır: “Azərbaycan münaqişə ilə bağlı həqiqətləri çatdırır. Təbii ki, buna da müsbət reaksiya gəlir. Baxmayaraq ki, bir sıra Latın Amerikası ölkələrində zəngin erməni diasporları Azərbaycan əleyhinə fəal iş aparır. Amma Azərbaycan dövlətinin həm Xarici İşlər Nazirliyi səviyyəsində apardığı iş nəticəsində, həm də parlamentlərarası əməkdaşlıq sayəsində həmin ölkələrin müvafiq qurumları ölkəmizlə bağlı daha dolğun həqiqətlərə malik oldular. Azərbaycanın əhəmiyyətini anladılar və bu əməkdaşlıq günü-gündən güclənir”.

Müsahibimiz ayrıca olaraq Braziliya ilə əməkdaşlıq barədə danışıb: “Həm Braziliya Senatında, həm də Nümayəndələr Palatasında Azərbaycanla böyük dostluq qrupu var. Onlar dəfələrlə Azərbaycanda olub. Bizim nümayəndə heyətinin üzvləri, o cümlədən mən Braziliya parlamentində çıxış edərək ölkəmizin siyasəti, dəyərləri ilə bağlı kifayət qədər ətraflı məlumat vermişəm. Bununla yanaşı Braziliya parlamentinin spikerinin başçılıq etdiyi nümayəndə heyəti də Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti Azərbaycan həqiqətləri, ölkəmizə edilən təcavüz barədə ətraflı məlumatlandırılıb”.

Bəs, Mərkəzi və Latın Amerikası ölkələri ilə münasibətlər tərəflərə nə verir? Bu əməkdaşlıqda tərəflərin qarşılıqlı faydaları nədən ibarətdir? A.Mollazadə deyib ki, həm iqtisadi, həm də siyasi sahədə qarşılıqlı maraqlar çoxdur: “Sevindirici haldır ki, bu istiqamətlərdə işlər daha da güclənir”.

Onu da qeyd edək ki, ermənilər qondarma soyqırımını da ilk dəfə 1965-ci ildə məhz Latın Amerikası ölkəsi olan Uruqvayda qəbul etdiriblər. Sonradan dünya ölkələrinin parlamentləri bir-birinin ardınca qondarma olaya münasibət bildirməyə başlayıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını ilk tanıyan ölkələr də Mərkəzi və Latın Amerikası ölkələri – Meksika və Kolumbiya olublar.

A.Mollazadə qeyd edib ki, həm Uruqvayda, həm də Argentinada böyük erməni icması mövcuddur: “Ona görə də onlar bu istiqamətdə iş aparmağa müvəffəq olublar. Həmin dövrdə bildiyiniz kimi Azərbaycan müstəqil dövlət deyildi və səfirlikləri də yox idi. Azərbaycan parlamentinin də belə bir iş aparmaq imkanları mövcud deyildi. Həmin ölkələrin parlamentləri də ermənilərin yalan məlumatları əsasında fəaliyyət göstərirdi. İndi isə vəziyyət effektiv şəkildə dəyişməkdədir. Ancaq Azərbaycan bu istiqamətdə təkcə Mərkəzi və Latın Amerikası ölkələri ilə deyil, bütün ölkələrlə iş aparır”.


Müəllif: Səxavət HƏMİD