20 İyun 2017 16:11
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsədrlərin bəyanatında həmişəki kimi ümumi cümlələr yer aldı. Buna baxmayaraq, bəyanatdakı iki fikir diqqəti cəlb etdi

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən bəhs edən yazıda həmin iki fikir təhlil olunur.

Birinci fikir: “Həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar”.

“Atlas” qeyd edir ki, bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətili olmağa çağırırlar: “Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığına işarə edirlər”.

Daha sonra ikinsi fikir, - “Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar”, - təhlil olunur:

“Bu cümlə isə o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Həmsədrlər bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”.

“Atlas” bildirir ki, Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: “Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı “mərhələli həll” planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: işğalçya qarşı yorucu müharibəni genişləndirir.

Nədir yorucu müharibə?

Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daim hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifa etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı sılahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya Prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqları işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edir”.

Yazıda Ermənistanın mürəkkəb vəziyyətdə olduğu vurğulanır: “Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə biməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükəli bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq hüqüqundan istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diqtə etməkdə əsas məqsədi də elə budur”.


Müəllif: Səxavət HƏMİD