21 İyun 2017 14:10
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz həmişə müxalifəti cəmiyyətdən ayırırıq. Azərbaycan cəmiyyətində hansı aktivlik var ki, müxalifətdə də aktivlik olsun. Milli Şura aktivlik etdi , süni bir mitinq elədi. Sonra ikinci mitinq təyin etdi, amma onu keçirmədi. Çünki bilir ki, camaat aksiyaya gəlmir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin fəaliyyətsizliyinin səbəblərini şərh edərkən deyib.

ADP sədri qeyd edib ki, müxalifət reallıq və sosial sifarişləri nəzərə almalıdır: “Sosial sifariş yoxdur. Əgər cəmiyyətimiz aktivlik istəmirsə, biz süni olaraq onu aktivləşdirə bilmərik. Bizim fəaliyyətimizdən asılı olmayaraq, cəmiyyət aktiv olmaq istəmir. Bəzən düşünürlər ki, müxalifət nəsə etməli, ciddi fəaliyyəti olmalıdır ki, xalq da bunu görsün. Sanki müxalifətin əlində olan qüvvə cəmiyyətdən ayır bir qüvvədir”.

Cəlaloğlu qeyd edib ki, müxalifətin uzun illər nəticəsizlik və uğursuzluq sindromundan əziyyət çəkməsinin öz səbəbləri var: “Nailiyyətsizlik sindromunun ən kəskin əlamətlərindən biri, bu sindroma düşən qüvvənin özü ilə mübarizə aparmasıdır. Yəni aşılanmasıdır. Bu reallıqdır. Müxalifətin dağınıq olması, bir-birinə hücum etməsinin səbəbi nailiyyətsizlik sindromudur. Bu sindromu aradan qaldırmaq üçün xalq müxalifətə dəstək verməlidir. Bu isə müşahidə olunmur. Avtomobilin motoru olmasa, onun sükanının heç bir mənası yoxdur”.

Xatırladaq ki, Ümid sədri İqbal Ağazadə bəyan edib ki, müxalifət uzun illərdir nəticəsizlik sindromundan əziyyət çəkir.


Müəllif: Cavad