21 İyun 2017 14:41
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərməsi ilk hal deyil. Bir neçə ildir cəbhədə gərginlik davam edir. Aprel döyüşlərindən sonra isə bu hal mütəmadi yaşanır. Ermənilər hər vəchlə çalışırlar ki, təxribata əl atsınlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov son günlər cəbhədə yaşanan gərginliyi şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan aprel döyüşlərinin məğlubiyyətini unuda bilmədiyi üçün mütəmadi olaraq atəşkəsi pozur, dinc əhaliyə atəş açır: “Yay təsərrüfat vaxtıdır, təsərrüfatda çalışan insanları qorxutmaq üçün müxtəlif təxribata əl atır, müxtəlif diversiya qrupları göndərməyə çalışırlar. Bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ordusu həm kifayət qədər güclü texniki, həm də döyüş qabiliyyətinə malikdir və belə təxribatların qarşısını dərhal alır”.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərinə toxunan millət vəkili onların gəlişini növbəti səfər kimi qiymətləndirir: “Artıq ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntim yoxdur. Dünyada heç vaxt həmsədrlər və ya problemlərin həlli üzrə məşğul olan vasitəçilər məsələni ədalətli həll etmir. Ədalətli həll tərəflər arasında olmalıdır, tərəflər özü məsələni həll etməlidir. Ermənistan təbii ki, buna getməyəcək. Onda çıxış yolu müharibə olacaq”.


Müəllif: Nərgiz Ehlamqızı