21 İyun 2017 16:14
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Amerika arasında qeyri-adi heç nə baş vermir. Artıq qlobal və regional miqyasda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Bu mərhələdə də üz-üzə duran tərəflər Rusiya və Amerikadır. Hələlik bu qarşıdurma vəkalət və asimmetrik müharibələrdə özünü büruzə verir. Bu dövlətlərin hərbi qüvvələrinin bir-birini güclə təhdid etməsi isə bir növ “soyuq müharibə” dövrünü xatırlatmağa başlayıb.

Bunu Teleqraf.com-a təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.

Müsahibimiz daha çox iki gün əvvəl ABŞ F-18-nin Suriya səmasında Bəşər Əsəd rejiminə məxsus SU-22 qırıcı təyyarəsini məhv etməsi, habelə iyunun 19-da Baltik dənizi üzərində rusların SU-27 qırıcı təyyarəsinin ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə 1,5 metrə qədər yaxınlaşmasını şərh edib.

Sülhəddin Əkbər xatırladıb ki, ABŞ Senatı ötən həftə İran və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib: “Bu sanksiyalar Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən sonra prezident tərəfindən imzalanarsa, Rusiya bunun ağır nəticələrinə qatlaşmalı olacaq. Eyni zamanda ABŞ-ın Rusiya və İrana qarşı sanksiyaları eyni qanun paketində qəbul etməsinin simvolik tərəfləri də var. Hazırda İran məsələsi Tramp administrasiyasının gündəmində ön sıradadır. Bununla ABŞ Rusiyaya bir növ xəbərdarlıq edir ki, İranı İraqda, Suriyada və birbaşa müdafiə edəcəksə, bu zaman Moskvanın özü hədəf olacaq. Bu mənada indi ABŞ-Rusiya arasında gizli danışıqlar gedir. Son nəticədə Rusiya öz qərarını verməlidir. ABŞ bir tərəfdən kökə və qamçı siyasəti yeridir, digər tərəfdən Trampın özü və xarici işlər naziri tərəfindən Rusiyaya reveranslar edilir. Məqsəd isə Moskvanı İrandan aralamaq, Tehranı təkləməkdir”.

Sülhəddin Əkbər əlavə edib ki, indiki halda ABŞ üçün əsas İran məsələsidir və məqsəd Rusiyanı İrandan ayırmaqdır: “Bunun üçün də Rusiyaya təzyiqlər edilir. Mən Rusiyanın geri duracağını düşünmürəm. Odur ki, qarşıdakı yaxın bir ildə ABŞ və Rusiya arasında münasibətlərin kəskin pisləşəcəyi qənaətindəyəm. Həmçinin İranla bağlı siyasət Cənubi Qafqazda özünü göstərəcək”.

Ekspert hesab edir ki, tərəflər açıq və birbaşa hərbi qarşıdurmaya getməyəcək: “Ruslar elan etdi ki, Suriyada Fərat çayının qərbindən keçən təyyarələri vuracaq. Sonra dedilər, bu o anlama gəlmir ki, bu istiqamətdə olan istənilən təyyarə vurulacaq. Yəni söhbət ABŞ-dan, onun təyyarəsindən gedir. Mən güman etmirəm ki, ruslar bilə-bilə ABŞ hərbi təyyarəsini vurmağa gedəcək. Eyni halda ABŞ-da buna getməyəcək. Hər iki tərəf “Soyuq müharibə” dövründə belə açıq qarşıdurmaya getməkdən çəkinib və buna getməyib. İndi də açıq qarşıdurma ehtimalı nəzəri baxımdan hər zaman var, lakin tərəflər bundan qaçacaq. Qarşıdurmalar əsasən dolayısı yolla - üçüncü tərəflər üzərindən olacaq. Necə ki, bu gün qarşıdurma Ukrayna, İraq, Suriya, Gürcüstan, Moldovada, müəyyən mənada Şimali Koreyada davam edir”.

Müsahibimiz hesab edib ki, bu mərhələdə Azərbaycanı əsasən, İran məsələsi və postsovet məkanında gedən proseslər daha çox maraqlandırmalıdır: “Biz Baltik-Qara dəniz və İran ətrafında gedən proseslərə diqqət etməliyik. Çünki bu birbaşa regiona təsir edəcək hadisələrdir”.


Müəllif: Cavad