23 İyun 2017 09:26
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodonun Azərbaycana səfərinin müsbət tərəfləri kifayət qədərdir.

Bunu Teleqraf.com-a açıqlamasında Moldova Prezidenti İqor Dodonun Azərbaycana səfərini şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycan da Moldova kimi separatizmlə üz-üzədir: “Postsovet məkanındakı separatçı hərəkatların hamısı, o cümlədən Dnestryanı bölgədəki hərəkətlərlə Dağlıq Qarabağdakı separatçılıq bir-birinə bənzəyir. Bu nöqteyi-nəzərdən problemin həlli, yəni, hər iki respublikanın ərazi bütövlüyü məsələsi gündəmdə duran əsas məsələlərdən biridir. Azərbaycan uzun müddətdir ki, Moldova ilə bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, ATƏT-də ərazi bütövlüyü məsələsinin həlli istiqamətində iş aparır. Məsələn, Moldova Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində ölkəmizə səs verən dövlətlərdən biri idi. Üstəlik, postsovet məkanındakı separatçı hərəkatların cilovlanması məsələsində baxışlarımız demək olar ki, tam üst-üstə düşür. Moldova Dnestryanı bölgədə separatçı hərəkətlərinin hardan istiqamətləndirildiyini, hardan qaynaqlandığını çox gözəl bilir və bu məsələnin həllində Azərbaycanla eyni nöqteyi-nəzəri paylaşır. Dodonun səfəri gələcəkdə hər iki respublikanın əsas problemi olan Dnestryanı və Dağlıq Qarabağ probleminin həll olunması məsələsində səylərin və siyasi hərəkətlərin birləşdirilməsi baxımından prinsipial əhəmiyyətə malikdir”.

Q.Hüseynli qeyd edib ki, İ.Dodonun səfəri təkcə siyasi məsələlərlə yekunlaşmır: “Moldova keçmiş sovet respublikaları arasında bir sıra sahələrdə, xüsusilə kənd təsərrüfatı, o cümlədən üzümçülük sahəsində çox böyük nailiyyətlərə imza atmış bir ölkə idi. Bu gün iki müstəqil respublika həm də iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Sovet dövründə iki ölkə arasındakı iqtisadi əlaqələr Moldovaya çox böyük xeyir verib. Söhbət kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracından gedir”.

Müsahibimiz bildirib ki, Azərbaycan hal-hazırda ciddi şəkildə qeyri-neft sektorunun inkişafı ilə məşğuldur: “Bu proses çərçivəsində kənd təsərrüfatı məhsullarının bir çox növləri, o cümlədən üzümçülük sahəsi, həmiçinin şərab istehsalının qaydaya salınması istiqamətində ciddi işlər görülür. Bu sahədə Azərbaycan-Moldova əməkdaşlığı gözəl perspektivlərə malikdir və xeyli səmərə verə bilər. Hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanmasında ancaq fayda var”.

Q.Hüseynli Azərbaycanla Moldovanın humanitar sahədə əməkdaşlığının inkişafı üçün münbit zəmin olduğunu da vurğulayıb.


Müəllif: Səxavət HƏMİD