24 İyun 2017 00:45
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Bolqarıstan KİV nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş, müsahibələr verilmiş və ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində fəaliyyət aparıləb.

Belə ki, Bolqarıstanda ildə 4 dəfə nəşr olunan “Avropa 2001” jurnalının növbəti sayı Azərbaycana həsr olunmuşdur. Qeyd olunmalıdır ki, 1994-cü ildən nəşr olunan, müxtəlif Avropa ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə ətraflı məlumat verən jurnal ölkədə akkreditə olunan səfirliklər, o cümlədən mədəniyyət institutları ilə yaxından əməkdaşlıq etdiyi üçün geniş oxucu kütləsinə xitab etməyə imkan yaratmışdır. Jurnal bu günədək Azərbaycanla yanaşı, Yunanıstan, İrlandiya, Çexiya, İsveç, Norveç, İtaliya, Rusiya, Ukrayna, Belarus, Finlandiya, Danimarka, Portuqaliya, Almaniya, İspaniya, Slovakiya, Avstriya, Sloveniya, Polşa, Kuba, Xorvatiya, Mərakeş, Qazaxıstan və Türkiyə kimi dövlətlərin diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq edib.

Jurnalın sözügedən nəşrində Azərbaycanın bənzərsiz təbiəti, çoxəsrlik mədəniyyəti, tarixi, Azərbaycan diyarının qədim sakinləri olan xalqımızın həyatı, müxtəlif mədəniyyətlər və sivilizasiyaları özündə birləşdirən adət və ənənələri haqqında müfəssəl məlumat verilib.

Eyni zamanda, təbiətin bütün rəngləri və tarixin bütün nişanələrini özündə təcəssüm etdirən məşhur Azərbaycan xalçaları, tariximizin hər dövrünə müəyyən bir iz qoymuş zəngin memarlıq nümunələri, Qafqaz Albaniyası və müxtəlif memarlıq məktəblərindən miras qalmış incilər, əsrarəngiz Azərbaycan muğamı, onunla unikal sintezinə nail olunmuş caz musiqisi, aşıq sənəti, milli rəqsləri, dini tolerantlıq və müxtəlif sivilizasiyaların məskəni olmuş, Qərblə Şərqin dəyərlərini özündə doğmalaşdıran Azərbaycanın multikulturalizm modeli barədə aydın təsəvvür yaradılıb.

Xüsusi sayda Azərbaycanın milli mətbəxi, idman tarixi, şəhərləri, xüsusilə dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzi, 120 yaşlı kino salnaməsi, Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən olan Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti ayrıca vurğulanıb.

Ölkəmizin iqtisadiyyatı, turizm potensialı və beynəlxalq arenadakı rolu qeyd olunmaqla Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkilmiş, eyni zamanda Bolqarıstanla siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri və qardaşlaşmış şəhərləri barədə bolqar oxucusunda hərtərəfli məlumat verilib.

Azərbaycan şirkətlərinin məhsulları, xüsusən “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsul və təqdim olunan xidmətlərin Bolqarıstanda təbliği məqsədilə jurnalın reklam üçün ayrılan bölməsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Gəncə Şərab-2” ASC-nin reklamları yerləşdirilib.

Qeyd olunmalıdır ki, 30 may 2017-ci il tarixində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Respublika günü münasibətilə keçirilmiş rəsmi qəbul çərçivəsində sözügedən jurnalın təqdimatı keçirilmiş və 14 iyun 2017-ci il tarixində Sofiya şəhərində təşkil olunmuş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” sərgisində onun nüsxələri iştirakçıların və qonaqların diqqətinə təqdim olunub.

Azərbaycan haqqında həqiqətlərin Bolqarıstan ictimaiyyətinə çatdırılmasında yerli KİV potensialı nəzərə alınaraq, 10 iyun 2017-ci il tarixində səfir Nərgiz Qurbanova Bolqarıstan Jurnalistlər İttifaqının üzvləri ilə görüş keçirib.

“Bolqarıstan ilə Azərbaycan arasındakı 25 illik diplomatik əlaqələr – balans və perspektivlər” mövzusunda keçirilmiş görüş zamanı səfir 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində ölkələrimizin prioritetlərini müəyyənləşdirdiyini bildirib.

Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini xatırlayan N.Qurbanova Bolqarıstanın bu qəlbdən olan tədbirlərə daim diqqət göstərdiyini və bu il vitse-prezident İ.Yotovanın qeyd olunan forumda iştirak etdiyini vurğulayıb.

Səfir ticarət, kənd təsərrüfatı, iqtisadiyyat, səhiyyə, xüsusilə enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan tərəfindən həyata keçirilən layihələrdən danışmış, malların Uzaq Şərqdən Avropaya çatdırılmasında Bakı-Tiflis-Qars dəmir yolunun oynayacağı barədə iştirakçılara məlumat vermişdir. Bu əsnada, Bolqarıstan - Qara dəniz - Gürcüstan - Azərbaycan marşrutunun reallaşması imkanları da dəyərləndirilib.

“Cənub Qaz Dəhlizi” barədə də danışan N.Qurbanova layihənin reallaşmasının strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəmizin həyata keçirdiyi enerji layihələrinin regional əməkdaşlıqla yanaşı, beynəlxalq münasibətlərin möhkəmlənməsinə geniş imkanlar açdığını qeyd etmişdir. Görüş zamanı Azərbaycanın enerji siyasəti, TANAP, TAP, Bakı - Tiflis - Ərzurum qaz kəməri layihələri barədə faydalı fikir mübadiləsi aparılmış, “Şahdəniz-2” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Azərbaycanın Bolqarıstana ildə 1 milyard kubmetr qaz ixrac ediləcəyi vurğulanmışdır. Bu zaman səfir Bolqarıstanın tranzit ölkə kimi də dövlətimizin marağını cəlb etdiyini qeyd edib.

Geniş səpkidə davam edən görüş zamanı xalqımızın tarix və mədəniyyətindən, Azərbaycanın multikulturalizm modelindən söhbət açan səfir N.Qurbanova bu məfhumun sadəcə dövlət siyasəti olmadığını, xalqımızın həyat tərzi olduğunu vurğulamışdır. Azərbaycanda heç vaxt dinlərarası və ya millətlərarası zəmində problemlərin olmadığını söyləyən səfir Azərbaycan xalqının dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşdığını qeyd etmiş və Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının buna əyani nümunə olduğunu bildirmişdir. Dövlətimizin dünyanın mədəni müxtəliflik, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə Azərbaycanda deyil, bütün dünyada mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirdiyini xatırladan diplomat Vatikan, Fransa, Pakistan, Bosniya və Herseqovinada və başqa ölkələrdə Heydər Əliyev Fondu tərəfindən aparılan xeyirxah fəaliyyət barədə iştirakçılara məlumat verib.

Görüş zamanı Azərbaycanda mətbuatının zəngin tarixi barədə danışılımış, bu gün hökumətin media və söz azadlığına dəstəyi vurğulanmaqla, Azərbaycan dövlətinin bu sahədə bütün maneələrin aradan qaldırılması üçün gördüyü tədbirlər və KİV-lərin sərbəst inkişafı üçün yaratdığı şərait barədə məlumat verilmişdir. Ölkədəki KİV-lər barədə məlumat verən səfir Azərbaycanda təqribən 40 gündəlik, 100 həftəlik və aylıq qəzetin nəşr olunduğunu, 80 regional qəzet və jurnalın çıxdığını, 4-ü dövlət televiziyası olmaqla ölkədə 10 milli televiziyanın yayımlandığını bildirib.

N.Qurbanova həmçinin 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın dövlət siyasətinin şəffaflıq və dözümlülük üzərində qurulduğunu vurğulayaraq ölkə əhalisinin 80 faizinin sərbəst surətlə internetə çıxışının olduğunu, 10 milyonluq əhalinin 2 milyonun sosial mediadan faydalandığını qeyd edib.

14 iyun 2017-ci il tarixində isə səfir Nərgiz Qurbanova "Əzəmət nümunələri-Azərbaycan xalq sənəti" adlı sərgi çərçivəsində Bolqarıstan Milli Radiosunun (BNR) türkdilli bölməsinə müsahibə vermişdir. Müsahibə “Azərbaycan xalq sənəti Bolqarıstan sənətsevərləri valeh etdi” sərlövhəsi ilə 21 iyun 2017-ci il tarixində BNR-in rəsmi internet səhifəsində yayımlanıb.

Müsahibə zamanı ölkələrarası münasibətlərin inkişafında mədəni əlaqələrin əhəmiyyətini vurğulayan N.Qurbanova Azərbaycan mədəniyyəti və incəsənəti haqqında hərtərəfli məlumat vermiş, mədəni əlaqələrin dəstəklənməsi istiqamətində çalışılacağını və növbəti tədbirlərdən biri olaraq iki ölkənin xalça mütəxəssisləri arasında təmasların yaradılması üçün təşəbbüslərin göstəriləcəyini qeyd edib.

Diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd olunması çərçivəsində növbəti təşəbbüs olaraq səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Televiziyasına müsahibə vermişdir. Müsahibə 16 iyun 2017-ci il tarixində “Bolqarıstan və Azərbaycan arasında diplomatik münasibətlərin 25 ili” sərlövhəsi ilə efirə verilib.

Müsahibə zamanı 2017-ci ilin iyun ayında Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin yaradılmasının 25 ilinin tamam olduğu, bu zaman ərzində iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, xüsusilə enerji və nəqliyyat sahələri başda olmaqla, mühüm əməkdaşlıq layihələrinin inkişafına nail olunduğu vurğulanıb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri zamanı “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanmasını siyasi əlaqələrimizin ən mühüm nailiyyəti kimi xarakterizə edən səfir məhz bu əsasda daha yaxın əməkdaşlıq üçün zəminin formalaşdığını qeyd olunub.

Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əlaqələrin qurulduğunu xatırladan səfir hal-hazırda ölkəmizin Avropa İttifaqını enerji ehtiyatları ilə təmin edən yeganə alternativ mənbə olduğunu diqqətə çatdırmışdır. Hazırda, enerji sahəsində əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyən səfir iki ölkənin Avropaya Azərbaycan qazını çatdıracaq “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində tərəfdaş olduqlarını bildirmiş və sözügedən dəhlizin əhəmiyyətindən danışıb.

N.Qurbanova ölkələrimiz arasında ticarət əlaqələrinə toxunmuş, dövlətimizin Bolqarıstana təbii qaz ixrac etməklə kifayətlənməyərək Azərbaycanın multikulturalizm modelini bu ölkədə tanıtmaq istədiyini bildirmiş və Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğundan danışmışdır. Bolqar xalqının dövlətçiliyini möhkəmləndirməsi baxımından Trapezitsanın önəminin Azərbaycan tərəfindən yaxşı bilindiyini ifadə edən səfir Azərbaycanın Birinci xanımı M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məhz bu səbəbdən sözügedən tarixi abidənin bərpa edilməsi qərarına gəldiyini bildirmişdir. Səfir fikirlərinə davam edərək xalqımızın tarixdə bir çox belə ilklərə imza atdığını və sənaye üsulu ilk neftin çıxarılması, boru kəmərinin çəkilməsi, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulması, operanın yaradılmasına nail olduğunu qeyd edib.

Bundan başqa, Bolqarıstanın nüfuzlu “A-Specto” jurnalının 38 nömrəli sayında “Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq: Enerjidən daha çox” adı altında səfir N.Qurbanova ilə müsahibənin mətni dərc olunub.

Müsahibə zamanı N.Qurbanova ölkəmiz haqqında müfəssəl məlumat vermişdir. Səfir ölkələrimiz arasındakı əlaqələrin böyük perspektivə malik olduğunu və zamanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırlatmış və məhz bu əsasda daha yaxın əməkdaşlıq üçün zəminin formalaşdığını vurğulayıb.

İki ölkə arasındakı əlaqələrdə başlıca mövzunun enerji sahəsində əməkdaşlıq olmasına baxmayaraq iqtisadi əlaqələrin canlandığını və bunun qarşılıqlı yüksək səviyyəli səfərlər, birgə tədbirlər, fikir və təşəbbüslərlə dəstəkləndiyini söyləyən səfir Azərbaycan və Bolqarıstanın strateji mövqeləri və nəqliyyat sahəsində əməkdaşlıq imkanlarından danışmış və iki dövlətin Asiya və Avropa bazarlarına çıxış potensialını qeyd edib.

Turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edən N.Qurbanova strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə istinad edərək əsas məsələlərin müzakirə olunmasında yeni əməkdaşlıq formatının - xarici işlər nazirləri səviyyəsində strateji dialoqun həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Bolqarıstan Respublikasının Dövlət Qaz Ticarət Şirkəti arasında 2013-ci ildə imzalanmış müqaviləyə əsasən, 2020-ci ildən etibarən Azərbaycanın Bolqarıstanı ildə 1 milyard kubmetr qaz təmin edəcəyini söyləyən N.Qurbanova "Balkan" qazpaylayıcı şəbəkəsi və Bolqarıstanın tranzit potensialına da toxunub.

Müsahibə zamanı Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal olunmasından söhbət açan səfir münaqişənin tarixi və hüquqi aspektləri barədə ətraflı məlumat verib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktının BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində ciddi qınadıldığını vurğulayan səfir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğunun münaqişənin siyasi həlli üçün başlıca maneə olduğunu qeyd etmişdir. Səfir Ermənistanın təxribatlardan çəkinmədiyini, ötən ilin aprel ayında cəbhə xəttində baş verən gərginliyin bunun bariz nümunəsi olduğunu, qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrini və təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük çaplı silahlardan hədəfə aldığını bolqar oxucuların diqqətinə çatdırıb.

Azərbaycanın ərazi bütövlüyünün danışıqlar və müzakirə mövzusu olmadığını, münaqişənin həllinin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkün olduğunu söyləyən səfir aprel hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” münaqişə olmamasını sübut etdiyini vurğulamışdır. Səfir münaqişənin dinc yolla nizamlanmasının ən qısa zamanda Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş ərazilərdən çıxarılması və öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına geri qayıtmasından asılı olduğunu təkrarlayıb.

Müsahibə zamanı səfir tərəfindən oxuculara Azərbaycanın müstəqil xarici siyasəti və dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional layihələr barədə ətraflı məlumat verilib.


Müəllif: Teleqraf.com