13 İyul 2017 20:42
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bundan sonra dünyada müsbətə doğru ciddi dəyişikliklər gözləmirəm. Artıq Tramp-Putin görüşü baş tutub, tərəflər müzakirələr aparıb. Prezident Tramp etiraf etdi ki, dialoqdan başqa yol görmür. Putin də birmənalı olaraq, dünyanın boğazına kal armud kimi keçib. Putinə gücləri çatmır. Əslində heç kim müharibə etmək niyyətində deyil. Putin kifayət qədər problemlərlə meydanda qalıb və çalışır ki, başqalarını da buna ortaq etsin.

Bunu sabiq nazir, politoloq Cümşüd Nuriyev Teleqraf.com-a G-20 sammitindən sonra baş verə biləcək siyasi dəyişikliklərlə bağlı fikirlərini açıqlayarkən deyib.

Cümşüd Nuriyev qeyd edib ki, indiki mərhələdə ABŞ mümkün qədər Rusiyadan daldalanmağa çalışır: “Rusiya çalışacaq ki, ABŞ-Avropa Birliyi qarşıdurmasından istifadə etsin. O cümlədən Avropa Birliyi daxilində müşahidə olunan fikir ayrılıqları Rusiya üçün əlavə imkanlardır. Bütün hallarda Putinin indiki mövqeyi imperiya ambisiyalarından doğan, öz maraqlarını ortaya qoyan və bu maraqlar üçün dünyanı qana çalxalayan mövqedir. Bizim dillə desək, indi Rusiya qan çanağına dönüb. Bu çanağın kimin başında çatlayacağı isə bilinmir”.

Politoloq hesab edir ki, dünyada qlobal qarşıdurma davam edəcək, bir qədər də kəskinləşəcək. Onun fikrincə, artıq dünya bir qütblü sistemdən çıxaraq bir neçə qütblü modelə keçid edib: “İndiyə qədər bir komanda var idi - ABŞ-ın komandası. Bu komandanın qərarlarını digər dövlətlər birmənalı şəkildə yerinə yetirmək məcburiyyətində idi. İndi Qərbin vahid komandası dağıldı. Bu proses Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə start götürdü. Nəzərə alın ki, əslində İngiltərə Yaxın Şərqi, müsəlman dünyasını qarşıdurmaya sövq etdi və bunu bacardı. Bundan da ABŞ əziyyət çəkir. Üstəlik Donald Tramp siyasətçi deyil, biznesmendir. Tramp öz biznesinin pik nöqtəsinə çatmaq üçün əlindən gələn hər şey edir. Üstəlik Trampı hakimiyyətə gətirənlər də ondan Amerikanı dağıtmaq üçün istifadə edirlər. G-20 sammitində Trampın həyat yoldaşı və qızının tutduğu mövqe birmənalı olaraq Raisa Qarbaçovanı xatırlatdı. Başqa sözlə, mən Trampı ABŞ-ın yeni Qarbaçovu kimi gördüm. Bu mənada ABŞ-ın mövqeyinin zəifləməsi daha çox Rusiya və Çin liderlərinin mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Nəzərə alın ki, Avropada da artıq vahid komanda yoxdur. Kansler Merkel öz hayında, Tereza Mey daha çox qarışdırıcı mövqedə durur, Makron prezident kimi hələ yeni fiqurdur, İtaliyanın ciddi problemləri var, İspaniyanın dərdi özünə qarışıb. Avropa ölkələri söz sahibi olmaqdan daha çox bitərəf müşahidəçi mövqeyə çəkiliblər. Bu halda meydana yeni oyunçular çıxır. Üstəlik ABŞ-da ciddi daxili oyun gedir. Bu oyun Trampı hakimiyyətdə uzaqlaşdırmaqla yanaşı ABŞ-ı bir dövlət kimi əyəcək. Yox, əgər Tramp sona qədər hakimiyyətini qoruya biləcəksə, bu zaman ABŞ dizi üstə oturacaq. Odur ki, indi dünya siyasəti daha çox hamilə qadın təsiri bağışlayır. Bu o zaman aradan qalxacaq ki, yeni dövlətlər meydana çıxacaq. O cümlədən də ABŞ-ın parçalanma məsələsi gündəmə gələ bilər. Artıq 4 ştat bununla bağlı mövqeyini açıqlayıb. Üstəlik Suriyanı, Səudiyyə Ərəbistanını, İranı, Rusiyanı parçalamaq istəyirlər. Siyasətdə bumeranq effekt deyilən anlayış var. ABŞ-ın yürütdüyü siyasət tədricən bumeranq effekti verməlidir. Düşünürəm ki, yaxın 5 ildə dünyada olan dövlətlərin sayı 220-dən çox olacaq”.


Müəllif: Cavad