14 İyul 13:12

İtaliyanın bir qrup deputat və senator tərəfindən Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə hücumu və mülki azərbaycanlı əhaliyə təcavüzünü pisləyən bəyanatlar verilməsi Ermənistanın İtaliyadakı səfiri Viktoriya Baqdasaryanı hiddətləndirib.

Teleqraf.com xəbər verir ki, o, İtaliyanın “Formiche” onlayn qəzetində italyan parlamentarilərinin ünvanına tənqidi fikirlər səsləndirib, habelə Ermənistan ordusunun dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi cinayətlərə haqq qazandırmağa çalışıb.

Buna cavab olaraq “Formiche” onlayın qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı məktubu dərc olunub.

Məktubda deyilir: “Müasir dövrün ən dəhşətli aktlarından biri olan Xocalı soyqırımını törədən bir ölkənin səfiri olaraq Viktoriya Baqdasaryanın dedikləri çox gülüncdür. Əgər xanım Baqdasaryan vəziyyətdən narahatdırsa, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində zərər çəkmiş mülki əhali ilə öz həmrəyliyini nümayiş etdirən və heç bir günahı olmayan iki yaşlı Zəhranın qətlini pisləyən italyan parlamentarilərinə hiddətlənmək əvəzinə, ölkəsinə rəhbərlik edən hərbi kriminal rejimindən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi də daxil olmaqla, beynəlxalq təşkilatların sənədlərində göstərildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli, körpənin həyatını vaxtsız itirməsi ilə bağlı kədərini ifadə etməli idi.

Həmişə qeyd etdiyimiz kimi, regionda gərginliyin başlıca mənbəyi, əsas hədəfi mülki azərbaycanlı əhali olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”.

Səfir Məmməd Əhmədzadə erməni səfirinə xatırladır ki, Zəhra münaqişənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 193 azərbaycanlı uşaqdan biridir və onlardan 63-ü Ermənistan silahlı qüvvələrinin bir gecə içərisində mülki azərbaycanlı əhaliyə qarşı qanlı qırğın həyata keçirdikləri Xocalıda qətlə yetirilib.


Müəllif: Səxavət