15 İyul 2017 17:05
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 iyul hadisələri zamanı Azərbaycan prezidenti və xalqının nümayiş etdirdiyi mövqe Türkiyə ilə ölkəmiz arasında münasibətlərinin nə qədər yüksəkdə olduğunu bir daha sübuta yetirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarına ünvanladığı məktubda dövlətimizin hər zaman Türkiyəni güclü görmək istədiyini, Azərbaycanın gücünün Türkiyənin gücü, Türkiyənin gücünün də Azərbaycanın gücü olduğu xüsusi vurğulandı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar fikirlərini bölüşərkən qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti ilk andan legitim hakimiyyəti dəstəklədiyini ortaya qoydu, dövlətimiz açıq və birmənalı mövqe nümayiş etdirdi: “Xalqımız səhərə qədər yatmadı, mənəvi baxımdan Türkiyədəki qardaşlarımızın, soydaşlarımızın yanında oldular. Demokratiyanın müdafiəsinə qalxan insanların ələ keçirdiyi tankların üzərində Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalaması da iki qardaş xalqın, ölkənin münasibətini ortaya qoyurdu. Bu, təkcə Türkiyə demokratiyası üçün sınaq deyildi, həm də iki qardaş dövlət və xalq üçün sınaq idi. Bu sınaqdan dövlətlərimiz və xalqlarımız ləyaqətlə, alnı açıq şəkildə çıxdı”.

Elçin Mirzəbəyli vurğulayıb ki, baş verən hadisə həm də Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə olan münasibətini sərgiləyib: “Çünki ölkəmiz hər zaman legitim hakimiyyətləri dəstəkləyib, dövlət çevirilişlərinə qarşı olub, terrora qarşı mübariz olduğunu ortaya qoyub.

Bu aspektdən hesab edirəm ki, 15 iyul hadisələrində də, ondan sonrakı proseslərdərdə də ölkəmiz Türkiyə ilə olan münasibətə və beynəlxalq hüququn prinsiplərinə nə qədər sədaqətli olduğunu nümayiş etdirib”.


Müəllif: Nərgiz