17 İyul 2017 11:26
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məgər sirrdir ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait xərcləyir? Sirr deyil. Kimsə iki və ya beş il ərzində Ermənistanı Azərbaycandan daha zəngin edəcəyini desə, onda həmin insanı siyasətdən qovmaq lazımdır, çünki bu, şarlatanlıq, yalançılıqdır.

Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistan prezidenti Serj Sərkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində deyib.

O, Rusiyanın Azərbaycana silah satmasını şərh edərək bildirib ki, Rusiyanı ittiham etmək hələ ki tezdir: “Bu, Ermənistan-Rusiya dostluğu, Ermənistan-Rusiya hərbi əməkdaşlığı, bütövlükdə bizim münasibətlərimizdə
ən ağrılı problemdir. Bu məsələ çox şeyə kölgə salır. Ancaq digər tərəfdən, mövcud şərait anlayışı var, ola bilsin ki, bu şərait bizim üçün yolverilməzdir, onlar üçün isə münasibdir. Hələlik ciddi nə isə baş verməyib. Əgər nə vaxtsa bunun ciddi nəticələri olarsa, onda ittiham etmək olar. Bunun ciddi nəticələri olmasa, onda biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün apardığı uzunmüddətli siyasi fəaliyyət hesab etməyə məcburuq”.

Sərkisyanın sözlərinə görə, heç vaxt rəsmi Moskvanın cavabını eşitməyib və hesab edir ki, Rusiya Ermənistana cavab verməlidir: “Əgər Rusiya siyasətçisi, analitiki və ya hər hansı bir vəzifəli şəxsi nə isə deyirsə, bu, Rusiya tərəfinin cavabı olmasına mənasına gəlmir. Rusiya tərəfindən prezident, Xarici işlər nazirinin cavabı rəsmi cavab olmalıdır”.


Müəllif: Nərgiz Ehlamqızı