17 İyul 2017 14:16
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:00

Bu gün Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Teleqraf.com xəbər verir ki, , hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra hədiyyələr təqdim edilib.

***

12:40

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonis ilə təkbətək görüşüb.

Bu gün Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin Riqada geniş tərkibdə görüşü olub.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışıb.

Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olunub, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edilib və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.

Prezident Raymonds Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

Abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.


Müəllif: Teleqraf.com