17 İyul 2017 19:24
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişə alovlana bilər. Münaqişəni Ermənistanın havadarı olan o dövlət başlayır, o dövlət də saxlayır. Münaqişənin qızışmasında və ya sakitləşdirilməsində əsas rolu məhz ermənilərin havadarı oynayır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan prezidentinin xarici siyasət məsələlər üzrə köməkçisi Novruz Məmmədovun “Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir” fikrini şərh edərkən deyib.

Zərdüşt Əlizadə qeyd edib ki, Moldova, Gürcüstan və Ukraynada da analoji münaqişələr var: “Əslində bu bir sxemdir. Bu sxemi həyata keçirən dövlətin adı hər kəsə bəllidir. Eyni modellə Moldovada – Dnestryanə münaqişə, Ukraynada-Donetski və Luqansk problemi, Gürcüstanda-Abxaziya və Cənubi Osetiya, nəhayət Azərbaycanda-Dağlıq Qarabağ münaqişəsi yaradılıb. Bu münaqişələr yaradılır, inkişaf etdirilir və sonra qismən dondurulur. Bu münaqişələr vasitəsilə Rusiya ölkələri nəzarətdə saxlayır. Moldova deyirdi ki, NATO-ya gedirəm, Ruminiya ilə birləşmək istəyirəm. Moldovanın ən inkişaf etmiş və rusların ən sıx yaşadığı region dərhal ayağa qalxdı, münaqişə baş verdi. Və sonda Dnestryanı ərazi o boyda Moldova üzərində “qələbə” qazandı. Eyni şey Gürcüstanda da baş verdi. Tiflis bəyan etdi ki, Avropa Birliyi və NATO-ya doğru gedir. Moskva dedi ki, buyur get. Sonra Abxaziya və Osetiya problemi yarandı, az sonra Rusiya hərbi bazası bu ərazilərdə yerləşdirildi. İndi də bu qurumlar özlərini “müstəqil” elan edib. Hazırda Gürcüstan gözəl bilir ki, istənilən an həmin bu “müstəqil” ölkələr gəlib Gürcüstanın hansısa ərazisini tuta bilərlər. Buna görə, Qərb Rusiya ilə müharibəyə getməz. Ukrayna da Avropaya getmək istədi, nəticədə Krım, Donetsk ruslar tərəfindən nəzarətə götürüldü”.

Mütəxəssis bildirib ki, bu strategiyanı həyata keçirmək üçün Rusiyanın çoxlu sayda qurumları var: “Müxtəlif nazirliklər və qurumlar eyni sxem üzərində işləyir. Üstəlik onların yerlərdə də kadrları var. Ermənistanda belə insanlar var. Onlar qanmadan ermənilərdə azərbaycanlılara qarşı kin və nifrət yaradırlar. Bu prosesdə jurnalistlər, ziyalılar iştirak edirlər. Onlar əslində yuxarıda qeyd etdiyim sxemə xidmət edirlər. Yəni münaqişənin dərinləşməsinə və mürəkkəbləşməsinə xidmət edirlər. Son nəticədə də udan tərəf Rusiya olur”.


Müəllif: Cavad