18 İyul 2017 15:36
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 28-ci ili tamam olub.

Teleqraf.com xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, siyasi partiyalar bu dəfə AXC-nin yaranmasının ildönümünü qeyd etməyiblər.

Bu məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını fərqləndirmək lazımdır. Onun sözlərinə görə, bu iki qurumu hər hansı bir şəkildə eyniləşdirmək olmaz. Hərəkatdan çıxan siyasi partiyalar çoxdur. İndi hər kəs fəaliyyətini davam etdirir. Bu mənada Azərbaycan Xalq Hərəkatı tam yaddan çıxmayıb. Siyasi partiyaların yubileyi bir növ həm də Azərbaycan Xalq Cəbhəsinin yubileyidir”.

ADP sədri bildirib ki, əvvəllər siyasi partiyalar bu məşhur tarixi birgə qeyd edər, toplaşardı: “Artıq bu ənənə sıradan çıxıb. Buna da normal baxmaq lazımdır. Yubilyein qeyd edilməsi siyasi partiyalar arasındakı neqativ münasibətlər və iqtisadi böhrandır. Belə ki, kimsə tədbir keçirsə, müəyyən qədər pul xərcləməlidir. Partiyaların isə maliyyəsi yoxdur”.

Sərdar Cəlaloğlu ADP-nin Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxması fikrinə isə qəti etiraz edir: “Biz şineldən çıxmamışıq. Mən Azərbaycan Xalq Cəbhəsi Hərəkatının başında duran, onu yaradan şəxslərdən biriyəm. Azərbaycan Xalq Cəbhəsi adından təşkilatı ilk dəfə mən yaratmışam. Bu adda təşkilat əvvəlcə Naxçıvanda yaranıb. Bu mənada mən bu qurumun şinelindən çıxan deyil, bu qurumun başında duran, onu yaradanlardan biriyəm. Mən belə düşünürəm, kim necə başa düşür, özü bilər”.


Müəllif: Cavad