20 İyul 2017 19:32
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə partiyanın möhürü əlimizdədir, nə Nizamnamə, nə də Məramnamə. Bu sənədlərin hamısı mərhum sədrimiz Səyyad Səyyadovun mənzilindədir. Onun ailə üzvləri isə bu sənədləri bizə vermir.

Bu fikirləri Teleqraf.com-a Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov deyib.

Tükanov bildirib ki, bu səbəblərdən də, partiya faktiki olaraq fəaliyyət göstərmək çətinliyi ilə üzləşib: “Təsəvvür edin ki, qurultay keçirmək üçün də bu sənədlər bizdə olmalıdır. Bu gün əlimizdə bir sənəd belə yoxdur. Partiya yerindədir, üzvlərimiz var. Sadəcə partiyanın atributları məsələsi var. Elementar nizamnaməmiz belə yoxdur”.

Partiya sədri deyib ki, bu problemləri həll ediləcəyinə dair ona söz veriblər: “Biz tədbirlərdə olmuşuq, problem haqqında danışmışıq. Bizə söz veriblər ki, problemi yoluna qoyacaqlar. Bilirsinizmi, yekə çıxmasın hazırda ölkədə normal fəaliyyət göstərən yeganə sol təşkilat bizik. Digərləri yoxdur. Hamı da bilir ki, solsuz heç nə alınmır. Cəmiyyətdə sağ olduğu kimi sol da olmalıdır. Bizdə sağ çoxdur, sol da ancaq bizik”.

Musa Tükanov qeyd edib ki, bu yaxınlarda bir sağ partiyanın qərargahında olub və gördüyü mənzərə onu dəhşətə gətirib: “Təsəvvür edin ki, qərargahlarında 2-3 nəfər əyləşmişdi. Artıq sağ partiyalarda məhv olur. Bəli, əvvəllər insanlar bu partiyaya meyl edirdilər. Ancaq indi bu hal yoxdur. Sollar indi böhran içindədir, amma sağlar bankrot mərhələsini yaşayır və gələcəyi yoxdur”.


Müəllif: Teleqraf.com