21 İyul 2017 13:57
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın növbəti prezidenti kim ola bilər? Əslində bu sual əvvəlki illərdə olduğu kimi o qədər də geniş müzakirə olunmur. Çünki Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda başlıca fiqur baş nazir olacaq.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, indiki prezident Serj Sərkisyanın da prezident kürsüsündən baş nazir kürsüsünə keçəcəyini proqnozlaşdırmaq olar: “Parlamentdəki hakim partiyanın üstünlüyü də buna imkan verir. Prezidenti isə parlament 2018-ci ildə 7 illiyə seçəcək və yeni prezidentin geniş funksiyaları olmayacaq. Bəs prezident kim ola bilər? Son günlər erməni mətbuatında Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın adı çəkilir. 70 yaşlı Qaqik Arutunyan Ermənistanın müstəqillik qazandığı illərdə bir neçə il baş nazir olub. Keçmiş prezident Levon Ter-Petrosyan Qaqik Arutunyanın kommunist keçmişinə baxmayaraq, hökuməti ona etibar edib. Daha sonra o, vitse-prezident vəzifəsini daşıyıb. Ancaq 1996-cı ildə vitse-prezidentlik institutu ləğv olunduqdan sonra Qaqik Arutunyan Konstitusiya Mərkəməsinin rəhbəri təyin olunub”.

E.Şahinoğlunun sözlərinə görə, Q.Arutunyan ölkədə tək-tük siyasi fiqurlardandır ki, bütün hakimiyyətlərlə dil tapıb, ona görə də heç bir prezident ona toxunmayıb: “İndi də Serj Sərkisyana elə belə fiqur lazım ola bilər ki, gələcək prezident sakitcə onun dediklərini etsin. Ancaq Ermənistanda gələcək illərdə təlatüm baş qaldırsa, sosial gərginlik bir az daha artsa, artıq Qaqik Arutunyan məsuliyyətdən yaxa qurtara bilməyəcək”.


Müəllif: Səxavət