24 İyul 2017 13:02
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Soçidə Prezident Putinlə görüşü Azərbaycan-Rusiya münasibətlərini bir qədər də irəli aparacaq. Bu görüş ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Hesab edirəm ki, aparılan müzakirələr hər iki ölkənin maraqlarına söykənir. Azərbaycan diplomatiyası ölkənin maraqlarını müdafiə etmək və dost qazanmaq istiqamətində uğurlu fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin bu səfərini yüksək qiymətləndirir və uğurlu hesab edirəm.

Bunu Teleqraf.com-a hüquq elmləri üzrə fəlsəfə doktoru, politoloq Rüstəm Məmmədov Prezident İlham Əliyevlə Prezident Vladmir Putinin Soçi görüşünü şərh edərkən deyib.

Politoloq hesab edir ki, Əliyev-Putin görüşü mütərəqqi haldır: “Bu o deməkdir ki, Prezident Putin Azərbaycana daha çox önəm verir. Soçi görüşünü müəyyən mənada son zamanlar Ermənistanla Rusiyanın yaşadığı problem şərtləndirdi. Soçi görüşündə bir sıra məqamlara diqqət yetirilib. Fikrimcə, Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir”.

Rüstəm Məmmədov Rusiyadakı erməni diasporunun bu görüşdən narahat olduğunu, bu səbəbdən də müzakirələrə qara yaxmaq niyyətində olduğunu xüsusilə qeyd edib: “Əslində bu köhnə erməni xislətindən irəli gəlir. Bəli, Rusiyadakı erməni diasporu, eləcə də Ermənistan Əliyev-Putin görüşünə böyük qısqanclıqla yanaşır. Bu, həqiqətdir. Onlar bizim Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə olmasını istəmir. İstəmirlər ki, Rusiya ilə Azərbaycan dost olsun. Çünki öz talelərindən qorxurlar. Bu gün Ermənistanın əsas dəstəyi Rusiyadan gəlir. Bu mənada Bakı ilə Moskvanın münasibətlərinin yüksək səviyyədə olması, bu münasibətlərin daim inkişaf etməsini həzm edə bilmirlər”.

Prezident Administrasiyasının sabiq sektor müdiri qeyd edib ki, Rusiya böyük dövlətdir və onun öz maraqları var: “Rusiya, ABŞ, Fransa və digər iri dövlətlərdən məhəbbət gözləmək yerinə düşməz. Çünki onların öz maraqları var. Odur ki, iri dövlətlərlə münasibətləri düzgün qurmaq lazımdır. Azərbaycan isə bu münasibətləri düzgün qurub. Reallıq da ortadadır. Sözsüz ki, Rusiya Ermənistana dəstək verir. Səbəb odur ki, Rusiyanın Ermənistanda strateji marağı var, bu ölkəni öz əlində saxlamaq istəyir. Ancaq Rusiya Azərbaycanla da ciddi iş aparır. Və biz görürük ki, zaman-zaman Rusiya rəhbərliyi Ermənistanın qulağını burur”.

Qeyd edək ki, iyulun 21-də Soçiyə səfər edən Prezident İlham Əliyev orada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.


Müəllif: Cavad