24 İyul 2017 13:14
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri vacib səfər idi.

Bunu Prezident İlham Əliyevin iyulun 21-də Soçiyə etdiyi səfəri Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, səfərə qədərki dövrdə Azərbaycan-Rusiya münasibətlərində bir soyuqluq hiss olunmaqda idi:

“Bu soyuqluğu yaradan da erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən idarələr, deputatlar, eləcə də bir sıra məmurlardır. Münasibətlərdə soyuqluğun yaranmasının əlamətlərindən biri də Rusiya Xarci İşlər Nazirliyinin təhdid xarakterli iki məlum bəyanatı oldu. Həmin bəyanatlarda bildirilirdi ki, Azərbaycanın müvafiq orqanları erməni əsilli Rusiya vətəndaşlarını elə hava limanında ikən deportasiya edir. Bundan başqa əlbəttə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı jurnalistin sualına cavabı da bizi çox pərişan etdi. Böyük diplomatik təcrübəsinə rəğmən, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirən, mənşəcə erməni olan Lavrov bununla Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirdi. Yaxud, Dumanın bu yaxınlaradək sədr müavini, indi isə üzvü olan Vladimir Jirinovski, Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vaxtlar xoşagəlməz fikirlər səsləndirirlər. Bütün bunlar Rusiya dövlətinin adından səsləndirilən çox ciddi fikirlər idi. Azərbaycan tərəfi bu zaman sakit dayanmadı. Xüsusən ölkə Prezidenti düşünülmüş, ağıllı manevrləri ilə Rusiyanı düşünməyə məcbur etdi”.

Q.Hüseynli qeyd edib ki, Azərbaycan Prezidenti Polşaya uğurlu səfər etdi, yekun bəyannamədə Polşanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı vurğulandı: “Bunun ardınca Latviyaya səfər edildi və Riqada imzalanmış birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün tanındığı bildirildi. Daha sonra cənab İlham Əliyev Dünya Enerji Konqresində iştirak məqsədilə İstanbulda olarkən ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşdü. Tillerson da Azərbaycanın ünvanına xoş mesajlar səsləndirdi. Azərbaycanın Cənubi Qafqazda strateji ölkə olaraq Birləşmiş Ştatlar tərəfindən müdafiə edildiyini vurğuladı. Avropa İttifaqı da Azərbaycanla bağlı xoş fikirlər səsləndirdi. Azərbaycan Prezidenti də bildirdi ki, bundan sonra Avropa İttifaqı ilə münasibətləri daha da möhkəmləndirəcək. Beləliklə, Azərbaycan Rusiya tərəfinə sübut etdi ki, Moskvanın kölgəsinə qısılıb yaşayan Ermənistan sayaq dövlət deyil. Azərbaycanın güclü beynəlxalq əlaqələri var. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə mehriban münasibətlər yaratmağa qadirdir. Prezident etdiyi xarici səfərlərlə bunu əyani surətdə ortaya qoydu. Zənnimcə, ruslar bu səfərlərdən və səfərlər nəticəsində əldə olunmuş nəticələrdən çox narahat oldular. Onlar yenidən Qarabağ problemini canlandırmaqla bağlı bəyanatlar səsləndirdilər və Vladimir Putin Azərbaycan Prezidentini Soçiyə dəvət etdi. Putin Azərbaycanla münasibətlərin bundan sonra davam etdirilməsinin strateji əhəmiyyətə malik olduğunu bildirdi. Rusiya Prezidenti bəyan etdi ki, o bu münasibətləri inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyəcək”.

Politoloq görüş zamanı Rusiya-Azərbaycan münasibətlərini zədələyən məqamlar ətrafında söhbət getdiyi qənaətindədir: “Güman edirəm ki, bu söhbətlərin ana xəttini Rusiyada müxtəlif postlarda əyləşmiş ermənilərin destruktiv fəaliyyəti təşkil edib. Heç şübhəsiz ki, Rusiyada bir sıra vəzifələrdə, orta təbəqə məmurlar içərisində ermənilər keçmiş sovet respublikalarının vətəndaşlarına nisbətən qat-qat üstün mövqedədirlər. Məsələn, Rusiya Banklar Assosiasiyasının baş direktoru ermənidir. Bu yaxınlaradək Rusiyada Fövqəladə Hallar naziri vəzifəsini tutan şəxs erməni idi. Amma nazirliyin aparatında erməni əsilli kifayət qədər məmur qalır. Rusiyada böyük var-dövlət sahibi olan və təcavüzkar Ermənistanın xarici siyasətinə maliyyə yardımı göstərən şəxslərin adları, siyahısı da güman ki, Putinə təqdim olunub. Bu adamlar milyonları alın təri ilə qazanmayıb. Bunların hamısını tutduqları vəzifələrə, bu vəzifələrdən sui-istifadəyə görə əldə ediblər. Bir sözlə, Putinin nəzər-diqqətinə çatdırılıb ki, əgər biz yaxın qonşuluq münasibətləri yürütmək, dost ölkələr olaraq qalmaq, strateji tərəfdaş olaraq bundan sonra da münasibətlərimizi davam etdirmək istəyiriksə, hər iki dövlətə münasibətdə ədalətli olmaq lazımdır. Yəni, ayrı-seçkiliyə yol verilməməlidir. Bu, Rusiyanın siyasətində doğrudan da hər addımda özünü təzahür etdirir. Məsələn, Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasında ermənilərin rolunun olduğu heç kimdə şübhə doğurmur. Yəqin ki, bu məsələ də Putinin diqqətinə çatdırılıb”.


Müəllif: Səxavət HƏMİD