26 İyul 2017 20:36
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası“ABŞ-ın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə” adlı qanun layihəsi qəbul edib. Bununla da, Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə start veriləcək. Qanun layihəsinə görə, prezident Tramp Rusiyaya qarşı indiyə qədər mövcud olan sanksiyaları yumşaltmaq və ya ləğv etmək üçün hökmən Konqresin razılığını almalıdır. Belə bir sənədin qəbul edilməsi eyni zamanda “tarixin ən geniş və əhatəli qanun layihələrindən biri” kimi xarakterizə olunur. Qanuna Nümayəndələr Palatasının 419 üzvü səs verib. Sözsüz ki, yeni sanksiyalar daha ciddi sahələri əhatə edəcək və sanksiyaya məruz qalan dövlətlər ciddi maneələrlə üzləşməli olacaqlar.

REAL-ın icraçı katibi Natiq Cəfərli sanksiyalar qanunu şərh edərkən Teleqraf.com-a deyib ki, bu ABŞ üçün ilk hadisədir. Onun sözlərinə görə, Konqres indiyə qədər heç vaxt belə bir sənəd qəbul etməyib:

“Əslində Trampın prezident seçkilərindən sonra ABŞ daxili siyasətində vəziyyət mürəkkəbləşib. Həm seçkilərə Rusiya müdaxiləsi, həm də Trampın Rusiya ilə özəl münasibətlərinin olması ABŞ siyasətinin gündəmini təşkil edir. Hazırda Konqresdə ciddi dinləmələr var, xüsusi prokuror vəzifəsi təsis edilib və bu məsələlər geniş araşdırılır. Hətta dünən yeni sanksiya qanunu qəbul edilməzdən öncə Trampın kürəkəni yenidən Konqresin komissiyası qarşısında Rusiya ilə əlaqələri haqda ifadə verib. Fikrimcə, Konqres gələcəkdə bu problemlərdən qurtulmaq, “Trampın gələcəkdə səlahiyyətlərindən istifadə edərək sanksiyaları aradan qaldıra bilər” ehtimalını nəzərə alaraq qanuna ayrıca maddə əlavə etdi. İndi Tramp Rusiyaya qarşı sanksiyaları təkbaşına nə yumşalda, nə də ləğv edə bilər. Bu məqam əslində ABŞ-ın daxili siyasi durumu baxımından yaxşı hal deyil. Bu həm də o deməkdir ki, ABŞ prezidentinə Konqres güvənmir. Bu da ABŞ-ın nüfuzuna və gələcəkdə dünya siyasətinə təsiri baxımından yaxşı hal deyil. ABŞ tarixində ilk dəfədir ki, ölkəni seçilən prezident deyil, Konqres idarə etməyə başlayır. Bu ABŞ ümün yeni vəziyyətdir”.

Natiq Cəfərli hesab edir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi gözlənilir: “Bu sərtləşmə yeni qanuna əsasən maliyyə sektoru və neft-qaz sahəsində istifadə edilən yeni texnologiyalarla bağlıdır. Başqa sözlə, Rusiyanın yeni maliyyə bazarlarına, yeni texnologiyalara çıxışı məhdudlaşdırılır. Hətta Rusiya şirkətlərinin müxtəlif beynəlxalq layihələrdə iştirakına görə, həmin layihələrdə çalışan Qərb şirkətlərinə sanksiyaların tətbiq edilməsi ehtimalı böyükdür. Bu da gələcəkdə Rusiyanın Türk Axını, Şimal Axını kimi meqa-layihələrinin icrasını çətinləşdirəcək. Fikrimcə, bu yeni və daha ciddi sanksiyalar dalğasıdır və Rusiyaya ciddi ziyan vura bilər. Başqa sözlə, söhbət rus iqtisadiyyatının onurğa sütununu təşkil edən enerji sektoruna yönəlik ciddi sanksiyalardan gedir. Hələlik sanksiyalar tam qüvvəyə minməyib. Nümayəndələr Palatasından keçən qanunu Senat, daha sonra prezident Tramp təsdiq etməlidir. Ehtimal edirəm ki, yaxın günlərfə formal prosedurlar bitəcək və yeni sanksiyalar qüvvəyə mindikdən sonra Rusiya iqtisadiyyatına ciddi təsirlər özünü göstrəcək”.

Mütəxəssisin fikrincə, bu sanksiyaların Şimali Koreyaya təsirləri cüzi olacaq: “Nəzərə alın ki, orada dövlət iqtisadiyyatı hökm sürür. Özəl sektor yoxdur, ciddi şirkətləri bizə məlum deyil və beynəlxalq arenada iştirakçılığı mövcud deyil. Bu sanksiyalar beynəlxalq yardımların alınmasına, habelə əgər dövlətin beynəlxalq hesabı varsa, onun dondurulmasına səbəb ola bilər. Şimali Koreya artıq bu şəraitə öyrəşib. Məncə, bu sanksiyaların Şimali Koreya iqtisadiyyatına təsiri olmayacaq. əvvəla orada iqtisadiyyat yoxdur, olan da dövlətin əlindədir”.

Natiq Cəfərli əlavə edib ki, İran İslam Respublikası da uzun illər sanksiya altında yaşamalı olub: “Sözsüz ki, İran iqtisadiyyatı sanksiyalara adaptasiya edib. İrana müəyyən təsirləri ola bilər. Xüsusilə, yeni investisiyalara və enerji sektoruna təsiri olacaq. Amma güman edirəm ki, Avropa Birliyi ölkələri sanksiyanın İran hissəsinə qoşulmayacaq. Çünki Avropa ölkələri ilə İran arasında son bir ildə ciddi investisiya layihələri imzalanıb. Onların həyata keçirilməsində Avropa şirkətləri maraqlıdır. Əslində, ABŞ da bunu başa düşür. Rusiya ilə ABŞ-ın ticarət dövriyyəsi Krım böhranından əvvəl cəmi 18 milyard dollar idi. Ancaq Avropa Birliyi ilə Rusiya arasında ticarət dövriyyəsi 400 milyard dollar idi. ABŞ da anlayır ki, Avropa şirkət və dövlətləri Rusiyadan itirdiklərini İranda geri qaytara bilər. Bu mənada düşünmürəm ki, Avropa sanksiyaların İran hissəsinə qoşulsun. Şimali Koreya və Rusiya ilə bağlı sanksiyalara isə Avropa qoşula bilər. Çünki Rusiyadan olan itkiləri İran hesabına qazana bilərlər. Mən bildiyim qədər artıq Avropa şirkətləri ilə İran arasında təqribən 200 milyard dollarlıq layihələr var”.


Müəllif: Cavad