9 Avqust 2017 13:33
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayında İranda keçirilən prezident seçkilərində ikinci dəfə qalib olan Həsən Ruhaninin parlamentə təqdim etdiyi yeni Nazirlər Kabinetinə namizədlərin siyahısına birinci etiraz edən Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, millət vəkili parlamentdəki çıxışında yeni kabinetdə heç bir türkün yer almamasını kəskin şəkildə tənqid edib:

“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Bu məsələ sual yaradır”.

Həsən Ruhaninin qadınları idarəetmədə görmək istəməməsi, kabinetin bütün üzvlərinin kişilərdən ibarət olması bir çoxları, xüsusi ilə də islahatçılar arasında narazılığa səbəb olub.

Həsən Ruhaninin qadın məsələləri üzrə müavini Şəhin Doxt Mollavərdi yeni kabinetdə qadınların yer almamasına etiraz edib. Əslən Azərbaycan türkü olan xanım Mollavərdinin sözlərinə görə, 12-ci hökumətin Nazirlər Kabinetində qadınların yer almaması onu göstərir ki, biz heç bir inkişafa nail olmamışıq”.

Qeyd edək ki, siyahıda nazir postlarına 17 namizədin adı yer alıb. Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə daha sonra açıqlanacaq.

Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.

Sözdə gender bərabərliyi və qadınların ictimai sahədə fəal iştirakını müdafiə edən Ruhaninin namizədləri siyahısında heç bir qadın yoxdur.


Müəllif: Samir