9 Avqust 14:36
1 157

Ermənistan silahlı qüvvələri Azəbaycanla dövlət sərhədində təxribatçı əməllərini davam etdirir.

Rusiya hərbçiləri ilə dövlət sərhədini birgə qorumağa başlayandan sonra rəsmi Yerevanın bu pis niyyətli davranışında arxayınlıq yaranıb.

Avqustun 7-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Ramin Sabir oğlu Yusifovdur. O, öz həyətlərində olarkən həyətə ermənilərin atdığı mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.

Bədəninin müxtəlif hissələrindən çoxsaylı qəlpə yarası alan R.Yusifov dərhal xəstəxanaya aparılıb.

Ermənistanın dövlət sərhədinin Rusiya hərbçiləri ilə birgə qorunması nədənsə yada Azərbaycanın indi işğal altında olan ərazisində keçmiş SSRİ-nin Arkadi Volskinin başçılığı altında Xüsusi Komitə yaratmasını salır.

Qeyd edək ki, Moskva 1988-ci il sentyabrın 21-də o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət elan edərək komendant rejimi tətbiq etmişdi. Ancaq komitə ermənilərin bu vəziyyətdə havadarlarının dəstəyi ilə vilayətdəki azərbaycanlılara qarşı zorakılığının qarşısını ala bimədi. Sovet hərbçilərinin dəstəyi ilə Kremlin məsələyə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistandakı azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” ilə əlaqədar olaraq və baş verənlərin qarşısını almaq adı altında bölgədə vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxladı. Eyni zamanda vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman imzalandı. Həmin fərmanla DQMV-də birbaşa Moskvaya, keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı.

Komitə fərmanda göstərilənlərin əksinə fəaliyyət göstərdi. Başqa sözlə, vilayətin Azərbaycanın tabeliyindən çıxması istiqamətində işlədi. Bu prosesə komitənin sədri Arkadi Volski başçılıq edirdi.

Onun fəaliyyəti nəticəsində vilayətin idarə və müəssisələri Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq Moskvanın tabeliyinə keçirildi. Başqa sözlə, vilayət de-fakto Azərbaycan SSR-in tərkibindən çıxarıldı.

Vilayət İcraiyyə Komitəsinin binasının üzərindən Azərbaycan SSR-in bayrağı çıxarılaraq yerinə Ermənistan SSR-inki sancıldı.

Bu dövrdə Xankəndidən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə vilayətin azərbaycanlılar yaşayan kəndləri Xüsusi İdarə Komitəsinin yardımı ilə məqsədəuyğun şəkildə boşaldıldı.

Bununla da Moskvanın yaratdığı komitə əslində Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət etdi.
Son zamanlar Ermənistan Azərbaycanla dövlət sərhədində təxribatçı fəaliyyət göstərir. İşğalçı ölkənin rəhbərliyi erməni xislətinə uyğun olaraq bu əməllərdə Azərbaycanı suçlayır və Rusiyadan yardım istəyib. Başqa sözlə, Moskva 29 il əvvəl Dağlıq Qarabağda Azərbaycana qarşı həyata keçirdiyi işi indi də Ermənistanda davam etdirir.

Volskinin komitəsi Dağlıq Qarabağdakı azərbaycanlıların özlərini müdafiə etməsinə mane olurdu. Həmin illərdə azərbaycanlıların ov tüfəngləri belə yığıldı. Halbuki həmin illərdə sovet ordusunun hərbi texnikası, o cümlədən helikopterləri ermənilərin sərəncamında idi. 1990-cı il yanvarın 13-də Gəncə sakini Bəxtiyar Əliyev həmin helikopterlərdən birindən açılan atəş nəticəsində şəhid oldu.

Rusiyanın Ermənistanda hərbi bazası var. Bu hərbi hissə müasir silahlarla təchiz edilib, hətta orada “İskender” operativ-taktiki raketləri belə yerləşdirilib.

Başqa sözlə, Moskva Ermənistanın ərazisini müdafiə adı altında ermənilərin Azərbaycanın dövlət sərhədlərini təhdid etməsinə şərait yaradıb.

Ermənistanın Azərbaycanla dövlət sərhədində törədəcəyi ehtimal olunan istənilən hərəkətinə verilən cavaba Kreml də Yerevan kimi münasibət bildirəcək, eyni mövqedən çıxış edəcək. Lap Volskinin vilayətdə yaranan vəziyyətə görə azərbaycanlıları qınaması kimi. Bu komitənin fəaliyyəti Azərbaycan üçün Xocalı faciəsi ilə nəticələndi.

Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli, Naxçıvanın Kərki qəsəbəsi və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycanın bu ərazisi iki dövlət arasındakı sərhəddə yerləşir. Onda belə çıxır ki, həmin kəndlərin Ermənistanın işğalı altında qalmasına rusiyalı hərbçilər də yardım edirlər.

Qonşu dövlətlər İran və Rusiya, eləcə də bölgədə maraqlarını təmin etmək istəyən bölgəxarici ölkələr Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Onlar indiyədək Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxması istiqamətində bəyanat belə verməyiblər.

Beləliklə, Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatçı əməllərinə istinadən ehtimal etmək olar ki, Rusiya Azərbaycanın öz dövlət sərhədini qorumasını əngəlləyəcək. Bundan başqa, Moskva rəsmi Bakıya Azərbaycan-Ermənistan sərhədinin birgə qorunmasını da təklif edə bilər. Rusiya neçə illərdir həm bu, həm də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması istiqamətində iş aparır. Ancaq Volski komitəsinin acı dərsini də unutmaq olmaz./Report/


Müəllif: Teleqraf.com