11 Avqust 2017 13:20
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ hazırda çətin diplomatik situasiya ilə üzləşib. Ola bilsin, xəbər başlıqları yaxşı görünmür. Əvvəllər də demişəm, rus həmkarım səfir İqor Popova böyük hörmətim var. O və mən, o cümlədən fransız həmkarımız yaxşı yola gedirik. Bizim birgə işləməyimizdə, biri-birimizə münasibətdə heç bir dəyişiklik görməmişəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiya-ABŞ münasibətlərinin gərginləşməsinin həmsədrlərin işinə təsiri barədə danışarkən deyib.

Diplomatın sözlərinə görə, tarixən Moskva ilə Vaşinqton arasında əlaqələr çətin olanda belə iki ölkənin çiyin-çiyinə çalışdığı sahələr olub: “Spesifik məsələlərdə həmişə əməkdaşlıq edirik. Bu iş Dağlıq Qarabağla bağlı danışıqlarda da davam edir”.

Riçard Hoqlandın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün artıq etimadın gücləndirilməsi istiqamətində addımlar atmağın vaxtı çatıb.

O, Azərbaycan və Ermənistan prezidentləri arasında nəzərdə tutulan görüşlə bağlı da proqnozlarını bölüşüb: “Danışıqlar diplomatiyanın bir hissəsidir, onlar bəzən təəccüblü dərəcədə tez keçir, bəzən də yaxşı səbəblərdən çox uzun sürə bilər. Hazırda diplomatik proses, danışıqlardakı mövcud vəziyyətdən razıyam. Amma həmişə daha artıq inkişaf üçün imkan var.

Tərəflərin real danışıqlar prosesinə ən yüksək səviyyədə qayıtması olduqca əhəmiyyətlidir. Artıq bir neçə ildir yüksək səviyyədə real siyasi müzakirələr aparılmır. Buna qayıtmaq vaxtıdır. Buna görə də üç həmsədr ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə prezidentlərin mümkün görüşünə hazırlıq üçün iki xarici işlər naziri ilə görüşəcək.

Biz prezidentlərin görüşü üçün hədəfə çatmaq üzərində işləyirik və nikbinliyimizi bildiririk. Ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa belə, müəyyən addımların atıldığını elan edəcəklər”.

Nərgiz Ehlamqızı


Müəllif: Nərgiz