11 Avqust 13:36
225

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ən çox “Qazprom” şirkəti ziyan çəkəcək.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin şərhində öz əksini tapıb.

Mərkəzin fikrincə, ilk öncə ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan “Qazprom” nəhəng layihələrini həm də xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırır: “Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. İkincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını “köhnə qitə”yə satmaqdır.

Rusiyanın Avropaya qaz ixracatçısı isə ”Qazprom” şirkətidir. Demək, Rusiyaya qarşı sanksiya elə ”Qazprom”a qarşı sanksiya deməkdir”.

“Atlas” bildirir ki, Ermənistan “Qazprom” şirkətinin idxalından tamamilə asılıdır. “Qazprom” isə ABŞ-ın sanksiyaları üzündən – siyasi səbəblərdən Ermənistana ucuz satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq: “Amerikanın Rusiyaya sanksiyaları sərtəşdirməsinin Azərbaycana da müəyyən təsirləri mümkündür.

Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların vətənlərindəki qohumlarına göndərdikləri maliyyə azalacaq. İkincisi, kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracında problemlər artacaq. Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq”.

Şərhdə məsələnin siyasi tərəfinin olduğu da vurğulanır: “Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir”.


Müəllif: Səxavət HƏMİD