12 Avqust 09:27

Rusiyanın bu addımı Kim Çen İnin davakar bəyanatından sonra atması göstərir ki, Şimali Koreyanın həm silahlandırılmasında, həm də dünya üçün təhlükəli ölkəyə çevrilməsində Moskvanın və Pekinin kifayət qədər rolu var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, son araşdırmalar Şimali Koreyaya ballistik raketlər üçün mühərriklərin Rusiyadan göndərildiyini təsdiqləyir:

“Rusiya ilə Şimali Koreya arasında ticarət dövriyyəsi son bir ildə 10 dəfə artıb. Çin də Rusiya kimi Şimali Koreya məsələsində riyakarlıq edir. Yəni, hər iki dövlət bir tərəfdən Şimali Koreyanı nüvə silahından əl çəkməyə çağırır, digər tərəfdən isə dünya üçün təhdid mənbəyinə çevrilən ölkəni birgə qidalandırırlar.

ABŞ Müdafiə Nazirliyi məsələnin diplomatik yolla çözülmədiyini görüb, problemin hərbi yolla həllinə tam hazır olduqlarını vurğuladı. Bunun ardınca əvvəlcə Çin bəyanat verərək bildirdi ki, onun sərhədləri yaxınlığında müharibə vəziyyətinin yaranmasına imkan verməyəcək. Daha sonra Rusiyanın Uzaq Şərqdəki Hərbi-Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi. Bu onu göstərir ki, Çinlə Rusiya arasında bu məsələyə dair ortaq yanaşma var.

Amerikaya qarşı olan hər kəs Çinin və Rusiyanın dostudur. Bu iki ölkə fövqəldövlət statusuna can atır və qarşılarında dayanan əsas ölkənin ABŞ olduğunu başa düşür. Odur ki, Amerikanı zəiflədəcək, yaxud onun hansısa planlarına əngəl ola biləcək istiqamətdə fəallıq nümayiş etdirirlər. Şimali Koreya məsələsində həm Çin, həm də Rusiya açıq dəstəkçi mövqeyə keçiblər, hər hansı diplomatik manevrlərdən istifadə etmirlər”.

Müsahibimiz qeyd edib ki, Uzaq Şərqdə Rusiyanın hər hansı qoşun növü, yaxud hərbi-hava qüvvəsi ABŞ-ın Şimali Koreyaya endirə biləcəyi ehtimal olunan zərbələrə adekvat cavab vermək iqtidarında deyil:

“Əksinə, əgər Şimali Koreya ilə bağlı hansısa hərbi plan işə düşərsə, bu planda ən azı ABŞ-a yaxın olan Yaponiya və Cənubi Koreyanın da iştirakı labüd görünür. Həm döyüş texnikasının müasirliyinə, həm də onun çeşidlərinin müxtəlifliyinə görə Yaponiya, Cənubi Koreya, xüsusilə də ABŞ-la heç kim bəhsə girə bilməz.

Bu məsələdə Yaponiya və Cənubi Koreya çox fəaldır. Şimali Koreyanın başında dayanan adamın belə avantürist və siyasi cəhətdən kəmsavad olduğunu, eləcə də ölkə əhalisinin çox kasıb yaşadığını nəzərə alsaq, bu rejimin dünya üçün də ciddi təhdid mənbəyinə çevrildiyini söyləyə bilərik. Ölkə ümumi daxili məhsulun 50-55 faizini silahlanmaya xərcləyir. Müharibə vəziyyətinin yaranması Çinin də, Rusiyanın da maraqlarına cavab verir. Amma mən güman etmirəm ki, onlar bu qarşıdurmadan qazanclı çıxa bilsinlər”.

Qeyd edək ki, Rusiya Federasiyası Federal Məclisinin Müdafiə və təhlükəsizlik komitəsi Uzaq Şərqdə yerləşən hərbi hava qüvvələri və quru qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair qərar qəbul edib.

Buna səbəb kimi Vaşinqtonla Pxenyan arasında gərginliyin artması göstərilib.


Müəllif: Səxavət Həmid