12 Avqust 2017 08:59
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edəndə mənim proqnozum belə idi ki, o, Ukraynaya qayıtmayacaq.

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin gələcək siyasi taleyinin nədən ibarət ola biləcəyi ilə bağlı proqnozlarını Teleqraf.com-la bölüşən politoloq Elxan Şahinoğlu belə deyib.

“Doğrudur, özü açıqlama verdi ki, bütün hallarda qayıdacaq, mübarizəsini davam etdirəcək”, - deyən E.Şahinoğlu Saakaşvilinin Ukraynaya qayıdacağını zənn etmir. Politoloq öz fikirlərini belə əsaslandırır ki, Saakaşvili Ukraynaya qayıdacağı təqdirdə ona müəyyən problemlər yaradılacağını, hətta cinayət işinin açılacağını dəqiq bilir:

“Digər tərəfdən Gürcüstan Prokurorluğu Ukrayna və digər dövlətlərdən Saakaşvilinin ekstradisiyasını tələb edə bilər. Ukrayna hökuməti Saakaşviliyə artıq bir rəqib kimi baxdığı üçün Ukraynaya gəlsə, onu çox asanlıqla Gürcüstana ekstradisiya edə bilər. Gürcüstanda isə ona böyük ehtimalla uzunmüddətli həbs cəzası veriləcək. Ona görə də düşünürəm ki, Saakaşvili risk etməyəcək”.

Saakaşvilinin hazırda Avropa ölkələrini bir-bir gəzdiyini vurğulayan E.Şahinoğlu bu ölkələri gəzdikdən sonra onun böyük ehtimalla yenidən ABŞ-a qayıdacağını vurğulayıb:

“Çünki onu vaxtilə Amerika dəstəkləyib, indi də dəstək verir. Düzdür, Amerika onu Ukrayna hakimiyyətinin siyasətindən qorumayacaq. Çünki vaxtilə Saakaşvili şəxsən Corc Buşla və Barak Obama ilə, onların başçılıq etdikləri hökumətlərlə yaxın idi. Amma Donald Tramp üçün o elə də vacib fiqur deyil. Sadəcə, ona siyasi sığınacaq verə bilərlər və Saakaşvili Amerikada pedaqoji fəaliyyətini davam etdirə bilər”.

Analitik qeyd edib ki, bu, Saakaşvili üçün ən optimal yoldur:

“Çünki onun həm Gürcüstana, həm də Ukraynaya qayıdışı təhlükəlidir. Hər iki halda onu həbs edə bilərlər. O da hər nə qədər emosional çıxışlar etsə də, ağıllı bir siyasətçi kimi risk edib Ukraynaya qayıtmayacaq. Ancaq bu onun siyasi karyerasına da ciddi ziyan vuracaq. Belə ki, Gürcüstanı tərk etdikdən sonra onun partiyası xeyli zəiflədi və bütün seçkilərdə məğlubiyyətə uğradı. Eləcə də Odessanın qubernatorluğundan istefa verəndən sonra Ukraynada bir siyasi hərəkat yaratdı. Əgər Saakaşvili Ukraynada olsaydı, bəlkə də hərəkat güclənərdi, parlament seçkilərində iddiasını ortaya qoya bilərdi. Amma indi Ukraynaya da qayıda bilməyəcəyi üçün düşünürəm ki, onun Ukraynadakı siyasi hərəkatı da xeyli zəifləyəcək”.


Müəllif: Səxavət HƏMİD