14 Avqust 2017 16:18
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib. Avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək.

Teleqraf.com-un xəbərinə görə, dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələrinin, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqları da iştirak edir.

Qəbələdə keçirilmiş Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparılıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi ediblər. Forumda 133 ölkədən 320 gənc iştirak edib.Forum çərçivəsində “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilərinin milli mədəniyyətimizi təqdim etməsi maraqla qarşılanıb.

Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.

Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 14-18 avqust tarixlərində keçirilən Dünya Skaut Konfransında isə əsas mövzular skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyət planı, eləcə də gələcək dövr üçün təşkilatın rəhbər orqanlarına sədr və üzvlərin seçilməsi olacaq.

13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbir olacaq.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunan Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.


Müəllif: Teleqraf.com