16 Avqust 2017 11:54
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp yenə Amerikanı bir-birinə vurub. Dünən keçirdiyi mətbuat konfransından sonra bütün irqçi, zorakı və qısacası “qan-qan” deyən qruplar Trampa təşəkkür bəyanatları yayır və söz verirlər ki, yaxın günlərdə daha çox şəhərdə, ştatda daha çox aksiyalar keçirəcəklər. Trampın səpdiyi bölücü, nifrət toxumları bu qrupları ilhamlandırıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının rəhbəri Bəxtiyar Hacıyev ABŞ Prezidenti Donald Trampın ölkədəki etiraz aksiyasından sonrakı addımlarını şərh edərkən deyib.

Bəxtiyar Hacıyev Vircinyada irqçi-neofaşist qrupların yürüşünə etiraz olaraq, bir dəstə insanın “sülh, sevgi” şüarları ilə etiraza çıxdığını xatırladıb: “İkincilərin üzərinə bir nəfər avtomobil sürüb, bir nəfəri öldürüb, onlarla insanı yaralamışdı.

Tramp əvvəlcə bəyanat vermək üçün iki gün gözlədi, sonra iki tərəfi qınayan bəyanat verdi, dünən isə canlı yayımda iki tərəfi, sözün açığı, irqçi, neofaşist qrupu daha az tənqid etdi, avtomobili dinc etirazçıların üzərinə sürən şəxsi “terrorçu” adlandırmaq üçün hələ tez olduğunu, əlavə faktlara ehtiyac olduğunu dedi.

CNN-də şərhçilər haqlı olaraq soruşur ki, hansısa müsəlman dünyanın başqa ölkəsində avtomobili dinc insanlar üzərinə sürəndə Tramp əlavə araşdırmağa ehtiyac duymadan, dərhal onları “radikal islamçı terrorist” adlandırır. Ancaq ABŞ-da ağdərili, irqçi, neofaşist qruplardan kimsə terror törədəndə günlərlə fakt axtarır və sonda “qatil” deyir.

Belə getsə, Tramp Amerika Bölünmüş Ştatlarının ilk prezidenti kimi tarixə düşəcək”.


Müəllif: Nərgiz