17 Avqust 2017 09:43
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya beynəlxalq siyasətdə əsas oyunçulardan biri deyil.

Bunu Almaniyanın “Koreya böhranı”nın nizamlanması ilə bağlı Rusiya və Çinin irəli sürdükləri və şərti olaraq “ikitərəfli dondurulma” adı verilən planı dəstəkləməsini Teleqraf.com-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, “Koreya böhranı”nın nizamlanması məsələsində əsas oyunçular Çin, Rusiya, ABŞ və müəyyən qədər Yaponiyadır:

“Onlar Şimali Koreyanın nüvə sınaqları keçirməsi məsələsində fikirlər bildirir, hansısa qətnamələrin qəbuluna çalışrlar. İndi sanki yekdil bir yanaşma ortaya qoyulub. Əslində, Almaniya ümumi dəst-xətdən elə də kənara çıxmır. Onsuz da BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Çin və Rusiya da ABŞ kimi Şimali Koreyanın nüvə sınağından narahat olduqlarını bildirdilər. Çünki Şimali Koreyanın şıltaq liderinin nüvə çalışmaları ilk növbədə onun qonşularına problem yarada bilər. Bunlar Çin və Rusiyadır. Baxmayaraq ki, bu iki ölkə ilə Şimali Koreyanın yaxşı münasibətləri var. Amma heç bir ölkə qonşuluğunda yeni bir nüvə dövlətinin yaranmasını istəməz. Ona görə, Rusiya və Çin də artıq Şimali Koreyanın bu şıltaq liderinin qarşısının alınmasını istəyirlər. Sadəcə, Çin və Rusiya Amerika əleyhinə siyasət yürüdürlər və Şimali Koreya nüvə sınaqlarını dayandırsa da, Amerikanın bu bölgədə hegemon olmamasına çalışırlar”.

E.Şahinoğlu bildirib ki, Almaniya orta bir mövqe nümayiş etdirir:

“Nə guya Amerikanın yanındadır, nə də tam Rusiya və Çinin mövqeyini dəstəkləyir. Orta bir mövqe axtarır ki, bu məsələ danışıqlar, sülh yolu ilə həllini tapsın. Həm də Almaniya Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Aparıcı olduğunu göstərmək üçün də hər hansı məsələ barədə mövqe ortaya qoymalıdır. Məsələn, Ukrayna ona daha yaxın olduğu üçün bu məsələdə daha aktivdir. Şimali Koreya uzaqdır, daha çox mövqe bildirə bilmir, ara-sıra rəsmiləri hansısa fikir bildirirlər, yanaşma ortaya qoyurlar. Bəzən bu yanaşma ABŞ-dan fərqli, bəzən onun mövqeyi ilə yaxın olur. Ukrayna məsələsi kimi məsələlərdə Rusiya ilə tamamilə tərs düşür, Şimali Koreya kimi məsələlərdə isə Moskvanın mövqeyinə anlayışla yanaşırlar. Çünki Rusiya özü də Şimali Koreyanın nüvə silahına malik olmasını, nüvə sınağı həyata keçirməsini, bununla da bölgədə gərginliyn artmasını istəmədiyini açıq deyir. Odur ki, beynəlxalq birlik Şimali Koreya məsələsində əslində vahid mövqedən çıxış edir. Vahid mövqe isə bundan ibarətdir ki, Şimali Koreyanın nüvə silahı olmamalı, nüvə sınaqlarına moratorium qoyulmalıdır. Sadəcə, bir daha qeyd etmək istəyirəm ki, Rusiya və Çin Amerikanın fəallığını qəbul etmirlər. Onlar ABŞ-ın bu bölgədə hegemonluğunun artırmasını və Şimali Koreyaya təzyiq etməsini istəmirlər. Burda Almaniya orta mövqe artırır ki, bizim dildə deyildiyi kimi, “nə şiş yansın, nə kabab”. Nə çox anti-Amerikan kimi görünmək, nə də Rusiya və Çinin çox da yaxınlığında dayanmaq istəyir. Amma Almaniyanın da mövqeyi digər sivil dövlətlərin mövqeyindən fərqlənmir”.


Müəllif: Səxavət HƏMİD