17 Avqust 2017 17:26
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib.

XİN-dən Teleqraf.com-a verilə məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salınıb və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Prezident İlham Əliyevin iyunda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından olduğunu deyən E.Məmmədyarov iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

Həmçinin, nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışıb və Polşanın Azərbaycanla bu qurum arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyi bildirib.

J.Dziedziczak beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan razı qaldıqlarını deyərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən bu ilki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və razılığa gəlinib ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlansın.


Müəllif: Səxavət