22 Avqust 2017 18:37
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya və Türkiyənin beynəlxalq aləmdəki tutuduğu mövqe, iqtisadi ehtiyacları bu dövlətləri bir-birinə yaxınlaşdırır və mən bunu müsbət hal kimi qiymətləndirirəm.

Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin açıqlamasını Teleqraf.com-a şərh edən Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı ilə bağlı açıqlama verən Nihat Zeybəkçi ölkəsinin bu qurumla anlaşma sazişi imzalamaq niyyətində olduğunu deyib. İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara İttifaqla gömrük anlaşmasını imzalamaq barədə təklif alıb: “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa İttifaqı ilə analoji sazişə mane olmasın”.

Nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub.

“Avrasiya İttifaqı ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var”, – bunu Nihat Zeybəkçinin bəyanatını şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.

Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan deyib:

“Birincisi, Aİİ-in gömrük məkanına qoşulmaq birliyin müqaviləsində nəzərdə tutulmayıb. Bundan əlavə, məhz Türkiyənin bu barədə danışması gülməli görünür, çünki Ankara birtərəfli qaydada Ermənistanla sərhədi bağlayıb, hansı ki, Aİİ-in Türkiyə ilə yeganə xarici sərhədidir”.

Fəzail İbrahimli qeyd edib ki, Türkiyə və Rusiya qonşu dövlətlərdir, uzun müddət düşmənçilik münasibətlərində olublar:

“Mən bir qədər də irəli gedərək Rusiya-Türkiyə münasibətlərini 90-95 il öncə yaranmış durumla müqayisə etmək istərdim. 1923-cü ildə Türkiyədə cümhuriyyət quruldu, Rusiyada isə bolşeviklər hakimiyyətə gəldi. Dünya nə türk cümhuriyyətini, nə də Rusiyanı qəbul edirdi. Həmin dövr Atatürklə Leninin yaxınlaşmasını tələb edirdi. Yəni bu, zamanın tələbi idi. O yaxınlaşmanın içində nə dostluq, nə də qardaşlıq var idi. Beynəlxalq situasiya hər iki dövləti məcbur etmişdi ki, bir-birlərinə söykənərək vəziyyətdən çıxsınlar.

Bəlkə də bu, bir qədər tünd müqayisə oldu, amma bu gün Avropanın Türkiyəyə münasibətinə baxın. Oturub-durduğu Amerika dövləti FETÖ-nü ağuşuna alıb. Halbuki o, Türkiyədə dövlət çevrilişinə cəhd edib.

Üstəlik, Türkiyə həmişə ABŞ-ın yaxın silahdaşı olub, Türkiyə NATO blokunun üzvüdür. Vaxtilə blokun ən böyük nüfuz sahiblərindən biri idi. SSRİ və dünya sosializm sistemi dağıldıqdan sonra Türkiyənin xristian dünyasına yaxın buraxılmaması, Avropa İttifaqından kənarda saxlanılması və sair hallar Ankaradan yeni siyasi xətt, yeni siyasi istiqamət və strateji kurs tələb edir. Eləcə də Rusiya sanksiyalarla üz-üzədir, Avropa və Amerika ilə qarşı-qarşıyadır”.

Fəzail İbrahimli qeyd edib ki, bu iki dövlətin bir-biri ilə münasibəti iqtisadi və siyasi münasibətləridir:

“Bunun içərisində birmənalı olaraq mənəvi tərəflər yoxdur. Bu siyasi və istiqsadi münasibətlər Türkiyənin belə bir istiqamətdə addım atmasına, yəni Avrasiya İqtisadi İttifaqına qoşulımasına səbəb ola bilər. Amma Türkiyə heç vaxt Azərbaycanı hansısa siyasi müqavilənin qurbanına çevirə bilməz. Çünki Türkiyə dəst-xəttində dürüst dövlətdir. Biz Türkiyə ilə iki dövlət, eyni millətik. Türkiyə Qars müqaviləsinə bu gün də çox sədaqətlə xidmət edir, əks təqdirdə ermənilər avropalıların və rusların köməyi ilə çoxdan bəzi məsələləri həll etmişdilər.

Bu, mənim gümanımdır. Bu güman da məntiqə və Türkiyənin yürütdüyü strateji kursa, Türkiyə ilə Azərbaycan dövləti arasındakı münasibətlərə, iki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətlərinə söykənir. Yəni, Türkiyə hətta o təşkilata daxil olsa belə, mütləq orda sərhəd məsələlərini hansısa bir bənd formasında məqbul hesab etmədən daxil ola bilər.

Əks təqdirdə, tamamilə başqa bir dünya alınar, Türkiyə qazandığından çox itirər. Münasibətlərdə, türk xalqı daxilində, qardaşlıq münasibətlərində, sözündə bütöv olmamaqda və sair məsələlərdə itirər. Ona görə də Türkiyə tərəzinin bir gözünə qazandıqlarını, digər gözünə itirdiklərini qoymalıdır”.

Deputat bildirib ki, Türkiyə bu təşkilata daxil olmadan da Rusiya ilə kifayət qədər yüksək iqtisadi münasibətlərə malikdir:

“Aradakı gərginlik çoxdan götürülüb. Ona görə də mən bu məsələlərdə xüsusi narahatlığa ehtiyac görmürəm”.


Müəllif: Səxavət HƏMİD