12 Sentyabr 09:44

Teleqraf.com Gürcüstan parlamentinin deputatı, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkar Partiyasının funksioneri Azər Süleymanovla müsahibəni təqdim edir:

- Azər müəllim, partiyanızın sədri Mixail Saakaşvili Ukraynaya daxil ola bilib. Vəziyyəti necə qiymətləndirirsiniz?

- Saakaşvilinin Ukraynaya daxil olmasının qarşısını hər vəchlə kəsmək istəyirdilər. Onun olduğu qatarı Ukrayna ərazisinə buraxmadılar. Daha sonra avtobusa mindi, lakin yenə buraxmadılar. Sonda məcbur olub sərhəd-keçid məntəqəsini piyada keçməli oldu. Ukrayna xalqının istəyi ilə minlərlə tərəfdarının əhatəsində Saakaşvili Ukrayna ərazisinə daxil oldu. Bunu xalq istəyirdi. Videolardan açıq görünür ki, ukraynalı əsgərlər belə Saakaşviliyə əl qaldırmaq, müqavimət göstərmək niyyətində deyildi. Bu onu göstərir ki, xalq bu siyasətçini sevir.

Ukraynada inqilab oldu, xalq yaxşı yaşamaq istəyini ortaya qoydu. Lakin hakimiyyətə gələnlər islahatlara getmədi. Nəticədə əhalinin güzəranı bir qədər də pisləşdi. Bu mənada Ukraynanın çıxışı yolu Saakaşvilinin bu ölkədə olması və siyasətə gəlməsidir. Ukrayna hakimiyyəti öncədən Saakaşvilinin nəyə qadir olduğunu bildiyi üçün o, Amerikaya getdikdən sonra vətəndaşlığını əlindən aldı. Bu qanunsuz və cinayətkar addım idi. Bu gün artıq Saakaşvili Lvov şəhərindədir. Biz Lvovdakı dostlarımızla danışdıq. Minlərlə insan artıq Kiyevə doğru hərəkət etməyə başlayıb. İnsanlar Kiyevdə Maydana toplaşacaqlar və hökumətin istefasını tələb edəcəklər.

- Siz sonuncu dəfə nə zaman Mixail Saakaşvili ilə ünsiyyətdə olmusunuz?

- Üç gün əvvəl mən də Polşada idim, Saakaşvili ilə görüşüb müzakirələr apardıq. Saakaşvili istəmədi ki, Gürcüstanın deputatı olan bizləri bu məsələlərə qatsın. Biz təklif etdik ki, onu Ukraynaya daxil olan zaman müşayiət edək. Ancaq buna razı olmadı. Düşündü ki, bu problem yaradar və deyərlər ki, Gürcüstan siyasətçiləri Ukraynanın daxili işlərinə qarışır. Onun istəyi o idi ki, Ukraynaya gedərkən onu avropalı deputatlar müşayiət etsin. Biz də bu qərarından sonra Polşadan Gürcüstana qayıtdıq.

- Bundan sonra Saakaşvilinin Ukraynada siyasi planları necə olacaq?

- Saakaşvilinin yeganə məqsədi odur ki, bu ölkədə ciddi islahatlar aparılsın. İllər əvvəl ukraynalılar Maydana çıxanda istəkləri o idi ki, yaxşı yaşasınlar, qanunun aliliyi təmin edilsin, korrupsiya dayandırılsın və s. Saakaşvili Odessada qubernator olan zaman mən ayda iki dəfə onun yanına gedirdim. Demək olar ki, ukraynalıların 90 %-i indiki quruluşdan və vəziyyətdən narazı idi. Faktiki müharibə aparan Ukraynada daxili işlər naziri Abakov qruplaşmalar yaradaraq insanların cibinə girirdi. Burada dövlətə xidmət edən çox az sayda məmurlar var idi. Ukraynalılar Saakaşvilinin Gürcüstanda apardığı islahatlardan xəbərdardır və istəyirlər ki, öz ölkələrində də belə islahatlar aparılsın, korrupsiya yığışdırılsın, dövlət büdcəsinin talanması dayandırılsın. Saakaşvili də insanların bu istəklərini müdafiə edir.

Sözsüz ki, Saakaşvilinin həbsi ehtimalı var. Əlbəttə, Ukrayna Prezidenti Poreşenkonun belə istəyi ola bilər. Ancaq hesab edirəm ki, onlar bunu etməyə qadir insanlar deyil. Üstəlik Saakaşvilidən çox çəkinirlər. Özləri də bilirlər ki, Saakaşvilinin arxasında 10 milyonlarla insan durur. Hakimiyyətin qüdrəti çatsaydı, Saakaşvilinin ölkəyə daxil olmasının qarşısını alardı. Mən bu gün Gürcüstanın baş prokurorunun sabiq müavini, Ukrayna baş prokurorunun müavini ilə danışmışam. Təsəvvür edin ki, Saakaşvilini Lvov meri şəxsən qarşılayıb. Xarkov meri isə ayağa qalxıb. Ukrayna dövlətində təmiz insanlar da təmsil olunur və onlar Saakaşvilinin arxasında durmağa hazırdırlar.

- Saakaşvilinin Kiyevdə həbs edilib Tiflisə ekstradisiyası mümkündürmü?

- Gürcüstan Saakaşvilini qəbul etməyə hazır deyil. Biz çox istərdik ki, Saakaşvili Gürcüstana gəlsin, o bizə burada lazımdır. 2012-ci ildə Saakaşvili Gürcüstanı tərk etdi və ondan sonra burada islahatlar dayandırıldı. Ölkə yenidən rüşvətə qayıtdı, insanlarda ümidsizlik yarandı. Bu gün Gürcüstanda olan hakimiyyət Saakaşvilinin bura gəlməsini istəmir. Saakaşvilinin burada 600 min tərəfdarı var. Əgər Saakaşvili ölkəyə gəlsə, təxminən Ukraynadakı kimi durum yarana bilər. Odur ki, indi bizim hakimiyyət arzu edir ki, Saakaşvili elə Ukraynada qalsın.

- Demək istəyirsiniz ki, rəsmi Tiflis Saakaşvilinin Gürcüstana ekstradisiyasında maraqlı deyil?

- Əgər onlar maraqlı olsaydı, Saakaşvilinin vətəndaşlığını əlindən almazdılar. Bu gün Saakaşvili İvanaşvili və Gürcüstan hökumətinin qara yuxusuna çevrilib.

- Saakaşvilini Ukraynada həbs edib Gürcüstana göndərmək ehtimalı realdırmı?

- Mümkün olan ssenaridir. Ancaq mən inanmıram. Nə Ukrayna buna gedər, nə də Gürcüstan onu qəbul edər. Bu sadəcə olaraq, Saakaşvilini qorxutmaq və çəkindirmək üçün ortaya atılmış söhbətdir. Əvvəl deyirdilər ki, Gürücstan DİN-dən Ukraynaya müraciət edilib ki, Saakaşvilini həbs edib Tiflisə versinlər. Mən Saakaşvilini uzun illərdir ki, tanıyıram. O, ölümündən qorxmayan bir şəxsdir. Üstəlik Ukrayna dövləti onu həbs etsə və Gürcüstan hökuməti onu qəbul etmək qərarını verərsə, biz burada Saakaşvilini qarşılamağa hazırlaşacağıq.

- Saakaşvili Ukraynaya daxil olduğu şəkildə Gürcüstana da daxil ola bilərmi?

- Saakaşvili ilə 3 il əvvəl bu haqda müzakirəmiz olub. Saakaşvili əslində Gürcüstana aiddir və lazımdır. Bu gün Saakaşvilinin tərəfdarlarının sayı günü-gündən artır. Gürcüstan xalqının tələbi ilə Saakaşvili gec-tez ölkəyə gələcək. Əlbəttə, Ukraynadakı ssenari Gürcüstanda da gözlənilə bilər. Ancaq buna ehtiyac yoxdur. Saakaşvili deyib ki, ukraynalılara söz verib, orada ciddi reformalar keçirilməlidir. İndi daha çox bu haqda düşünür.

- Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlmək ehtimalı varmı?

- Saakaşvili 2012-ci ilə qədər Gürcüstanda hakimiyyətdə idi. İstəsəydi hakimiyyəti heç kimə verməzdi. Amma Gürcüstan tarixində yeganə şəxs oldu ki, özü gedəndən sonra hansısa qarşıdurma baş vermədi. Bəli, 2012-ci ildə Gürcüstan seçicisi Saakaşvilini seçmədi, baxmayaraq ki, seçkiyə qədər onun imkanı var idi ki, bu səsləri qorusun. Ancaq Saakaşvili buna getmədi. Üstəlik istədi ki, hər şey ədalətli seçkilər vasitəsilə olsun. Artıq Gürcüstanda seçim silahın və gücün deyil, insanlarındır. Yəqin ki, bir müddətdən sonra Gürcüstanda insanlar tələblə Mixail Saakaşvilini ölkəyə gətirmək istəyəcək.

- Hazırda Saakaşvili Lvovdan Kiyevə gedir, yoxsa deyilənlər söz-söhbətdir?

- Bəli, artıq yarım saatdan sonra Lvovdan avtomobillərlə Kiyevə doğru hərəkət edəcəklər. Planlar Maydandır. Fikrimcə, Ukraynanın hər bir regionundan insanlar Maydana gəlməyə başlayacaq. İnsanlar yaxşı yaşamaq istəyir, düşünürlər ki, hətta Yanukoviç hakimiyyəti Poroşenko iqtidarından daha yaxşı idi. Ümid yerləri də Saakaşvilidir. Əlbəttə, minlərlə insan həbsə düşə, işini itirə bilər. Vaxtilə Saakaşvilinin islahatları nəticəsində Gürcüstanda 100 minlik polisin sayı 18 minə endirildi. Üstəlik cinayət faizi də 90 faiz azaldı. Başqa sözlə, 100 minlik polis personalının işini 18 minlik polis personalı gördü. Bu günə qədər də polis Gürcüstan xalqının fəxr yerinə çevrilib. Bu kimi islahatlara Ukraynanın da ehtiyacı var. Ukraynaadan 100 metr o tərəfdə yerləşən Poşada insanlar daha rahat yaşayır, Ukraynada isə insanlar aclıqdan və işsizlikdən əziyyət çəkir. Baxmayaraq ki, Ukrayna varlı ölkədir. Məmurlar ancaq ciblərinə işləyir. Bu da insanlarda haqlı qəzəb və narazılıq yaradır.


Müəllif: Cavad