11 Sentyabr 15:29

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Lvovda mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Saakaşvili mətbuat konfransında pasportunun oğurlandığını bildirib:

“Ukrayna sərhədini keçən zaman avtobusda enəndə pasportumu avtobusda qoydum. Tərəfdarlarım məni sərhəddən keçirərkən, polis avtobusda axtarış aparıb və pasportumu oğurlayıblar. Hazırda pasportum onlardadır. Mən tam leqal formada Ukraynaya daxil olmuşam və cinayət törətməmişəm”.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.

Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.


Müəllif: Samir