12 Sentyabr 2017 12:54
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Myanmada baş verən hadisələrə bu cür həssas yanaşmasının 5 səbəbi var.

Bunu Teleqraf.com-a açıqlamasında İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy bildirib.

O qeyd edib ki, birinci səbəb Türkiyənin AKP hakimiyyəti dövründə yürütdüyü aktiv, bütün qlobal sistemi nəzərə alan xarici siyasətidir:

“Bunu Türkiyənin baş verənlərə daha fəal yanaşmaq siyasətinin bir göstəricisi kimi də qiymətləndirmək olar. Bu çərçivədə Türkiyə dünyanın müxtəlif yerlərində baş verən proseslərə passiv qalmamağa çalışır. AKP hakimiyyətinin ümumi xarici siyasətində bu damar əhəmiyyətlidir”.

N.Cəfərsoy qeyd edib ki, ikinci səbəb Türkiyənin mövcud hakimiyyətinin islami həssasiyyəti ilə bağlıdır:

“Son 15 ildə Türkiyənin istər daxili, istərsə də xarici siyasətində islami həssasiyyət mühüm yer tutur. Arakanda baş verən hadisələrin hədəfinin müsəlmanlar olması Türkiyənin möcvud hakimiyyətinin xarici siyasət konsepsiyasında islami həssasiyyət olması səbəbindən Ankara üçün çox əhəmiyyətli sayılır”.

Politoloq qeyd edib ki, Myanmada baş verən hadisələr öz-özlüyündə insani, bəşəri baxımdan çox ciddi narahatlıq və problemlər yaradan hadisədir:

“Türkiyə də istər-istəməz həm aktiv siyasət yürütməsi, həm də islami həssasiyyətli olması etibarilə Myanmada baş verən insanlıq dramı – bəşəri problemlə bağlı öz mövqeyini ortaya qoymağa çalışır. Bu da üçüncü səbəb kimi qiymətləndirilə bilər”.

N.Cəfərsoy dördüncü səbəb kimi Türkiyənin xarici siyasəti ilə daxili siyasətinin çox ciddi şəkildə bir-biri ilə bağlanmasını göstərib: “Qloballaşmadan, xüsusən “Soyuq müharibə”nin başa çatmasından sonra xarici siyasətlə daxili siyasət arasındakı kəskin sərhədlər mümkün qədər yumşaldı, belə deyək, bir-birinin içinə girdi. Türkiyədə, xüsusən AKP hakimiyyəti dövründə daxili siyasətlə xarici siyasət əməli dərəcədə bir-biri ilə birləşdi. Daxili siyasətdəki hadisələr xarici siyasətin, xarici siyasətdəki hadisələr daxili siyasətin mövzularına çevrildi. Referendum ərəfəsində Almaniya ilə münasibətlərin Türkiyənin daxili siyasətində əksini tapması bunun bariz göstəricisidir. İndi Myanma məsələsinin də daxili bir motivi var. Ankaranın Myanma hadisəsinə baxışı eyni zamanda daxili siyasətə mesajın bir parçası kimi qiymətləndirilə bilər. Burda söhbət Myanma hadisəsinin Türkiyənin daxili siyasətində doğura biləcəyi əks-sədadan, yəni bunun hökumətin populyarlaşması üçün yarada biləcəyi imkanlardan gedir”.

Beşinci səbəbə gəlincə, N.Cəfərsoy qeyd edib ki, Myanma hadisəsi eyni zamanda beynəlxalq siyasətin mərkəzinin getdikcə daha çox transformasiya olduğu Asiya qitəsində geosiyasi mübarizənin bir nəticəsidir: “Müxtəlif aktorlar Myanma vasitəsilə bu regiona müəyyən müdaxilələr etməyə çalışırlar. Rusiya, Amerika və Çinin istər-istəməz orda baş verən hadisələrə reaksiya verməsi qlobal siyasətin mərkəzinin yavaş-yavaş Asiyaya dönməsi, yaxud Asiya mərkəzli beynəlxalq münasibətlər sisteminin yaranması üçün bir vasitədir. Türkiyə də Myanmadakı hadisələrə reaksiya verməklə beynəlxalq siyasətdə getdikcə güclənən Asiya gündəminə müəyyən töhfə verməyə çalışır, yaxud orda müəyyən aktivlik göstərmək istəyir. Bununla da Türkiyə qlobal siyasətin əhəmiyyətli mövzularından birinin gündəmindən geri qalmamış olur. Türkiyənin Myanma hadisələrində bu dərəcədə aktiv olması üçün bu beş səbəbi göstərmək olar”.


Müəllif: Səxavət HƏMİD